Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan-İraq ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlıq etməsini və bir-birinə qarşılıqlı dəstək verməsini yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Heydər Şiya Əl-Barrakın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Heydər Şiya Əl-Barrak qarşıdan gələn Qurban bayramı münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanda çoxlu dostlar qazandığını deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəmədiyini deyən Heydər Şiya Əl-Barrak səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib(aznews).