Yaxın 6 ay ərzində ictimai işlərə cəlb olunma yolu ilə ölkənin ayrı-ayrı regionunda 200-300 iş yerinin açılması nəzərdə tutulub. Dövlət başçısı İlham Əliyev artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıqlar verib.
Nazir Səlim Müslümov bu gün etdiyi çıxışı zamanı xeyli sayda vakant iş yerlərinin açılacağını bildirib.
“ARDNŞ və “Azəriqaz” istehsalat müəssisəsi ilə birlikdə geniş müşavirə keçirəcəyik və ölkənin ayrı-ayrı yerlərində iş yerlərinin açılması prosesinə start veriləcək. Digər dövlət qurumları ilə də belə görüşlər keçiriləcək, vakant iş yerləri doldurulacaq. Düşünürəm ki, bu yolla ölkədəki işsizlik problemini də aradan qaldıra bilərik”.
Ekspertlər isə hesab edir ki, hazırki iqtisadi böhran şəraitində dövlət qurumlarında iş yeri açmaq düzgün çıxış yolu deyil. Çünki belə olan halda maddi yük yenə də dövlətin üzərinə düşür.
İqtisadçı ekspert Azər Mehdiyev də hesab edir ki, büdcə vəsaitləri hesabına iş yerləri açmaq olar: “Amma bunu dövlət qurumlarında yaratmaq məqsədə uyğun deyil. Çünki zamanla büdcə vəsaitləri azalanda həmin qurumlarda ixtisarlar həyata keçirilir. Yenə də bir qrup insanlar işsiz qalacaq”.
“Həmin sahibkarlara guzəştli kreditlər verərək və ya aşkar formada yardımlar edərək bu sahəni genişləndirmək olar. Özəl iş yerlərinin sayı artmalıdır, çünki dövlət qurumlarındakı işlərlə müqayisədə bu iş yerlərində çalışanların gələcəyi daha davamlıdır. Hazırda digər bir problem isə odur ki, ölkədəki bir sıra sənaye müəssisələri xaricdən gətirilən xammal hesabına çalışır. Amma indi o sənayelərin bu xammalı almasında problemlər var. Yaxşı olardı ki, müəssisələr bir sıra obyektlər özəlləşdirilsin. Yeni müəssisələrin yaradılması üçün ölkəyə xarici investorlar cəlb olunsun”.
Bənzər vəziyyət hazırda Fransada da hökm sürür. Fransa prezidenti Fransua Oland ölkəni iqtisadi fövqəladə vəziyyətdən çıxarmaq üçün tədbirlər planı elan edib. 2 illik dövlət planına əsasən, 250-dən az əməkdaşı olan şirkətlər işə gəncləri və ya işsizləri götürdüyü təqdirdə dövlətdən subsidiyalar alacaq. Bunun keçərli olması üçün şirkətlə əmək müqaviləsi bağlanmış yeni işçilər həmin müəssisədə azı 6 ay çalışmaldır. Bundan başqa 500 mindən çox peşə təlim-tədris məntəqələrinin açılması nəzərdə tutulub.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) çərşənbə axşamı Cenevrədə dərc olunan məşğulluq sahəsində tendensiyalara dair hesabatında yer alan məlumata görə 2016-2017-ci illərdə dünyada işsizlərin sayı artmaqda davam edəcək və bu dövr ərzində 200 milyon nəfəri ötüb keçəcək. Hesabatda o da bildirilib ki, dünyada işsizlik artımı 2016-cı ildə təqribən 2,3 milyon nəfər, 2017-ci ildə isə 1,1 mln. nəfər gözlənilir, yəni müvafiq olaraq 199,4 mln və 200,5 mln. nəfərə qədər olacaq.(ans)