İlham Əliyev Tərtərdə açılışlar etdi – YENİLƏNDİ/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Yenicag.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

Xatırladaq ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlətimizin başçısı bu ideyanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət çəkib. Dövlət Rəmzləri Muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.

***

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yol boyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə məlumat verildi. Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.

Qeyd edək ki, ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidənqurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idi isə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tərtər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslərlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonra boks üzrə Əməkdar məşqçi Faiq Məmmədov yaradılan gözəl şəraitə görə dövlət başçısına tərtərlilərin minnətdarlığını çatdırdı.

***

İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat vetib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.