09:30
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.
Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxdılar.
Sonra birgə foto çəkdirildi.
Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Prezident Nursultan Nazarbayev dedi ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış etdilər.
Sammit işini davam etdirir.