!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev və xanımı Şamaxıya getdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə salıb.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.

Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı bir neçə layihə həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusi ilə fərqlənir.

Tahir Məmmədov: Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, heç bir maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə belə bir portal yaradıldı və 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Vətəndaşlar istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayırlar və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır ki, onlar öz müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər.

Qeyd olundu ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə bu layihə elektron hökumət nominasiyasında qalib elan edilib. Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin bir göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar daha sonra təhlil edilir.

Tahir Məmmədov: Cənab Prezident, bu məqamda deməliyəm ki, Şamaxıda baş verən zəlzələdən sonra Sizin birbaşa tapşırığınızla təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Bu yaxınlarda Sizin tapşırıqlarınıza uyğun olaraq yenə də vəsait ayrıldı və o evlərin hamısı bərpa ediləcək, o ailələr bu qayğı ilə əhatə olunacaq. Buna görə də əhalimiz adından dərin təşəkkürümüzü bildiririk.

Daha bir layihə coğrafi informasiya sisteminin ilkin elementi olaraq həyata keçirilib. Şamaxıya aid məlumatlar toplanaraq data şəklində 3D xəritəsinə yerləşdirilib. Buraya, həmçinin rayon üzrə kənd təsərrüfatı, təhsil, səhiyyə məlumatları da daxil edilib. Bu isə iqtisadi təhlillər zamanı daha obyektiv qərarların verilməsinə imkan yaradır.

Tahir Məmmədov: cənab Prezident, bu gün bizim həyata keçirdiyimiz cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir. Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır.

Diqqətə çatdırıldı ki, müasir texnologiyanın verdiyi imkanlar sayəsində əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.

Bildirildi ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.

Tahir Məmmədov: Bu, birbaşa Sizin təhsilə olan diqqət və qayğınızın göstəricisidir və görülən bütün bu işlər ona hesablanıb ki, təhsildə keyfiyyət yuxarı artsın. Göstərici kimi deyə bilərik ki, respublika üzrə 76 təhsil subyekti arasında Şamaxı 66-cı yerdən 49-cu yerə irəliləyib. Yaradılmış bu şəraitə görə də həm şagirdlər, həm müəllimlər çox məmnundurlar. Hazırda layihələr davam edir. Qeyd etməliyəm ki, Heydər Əliyev Fondu bu işdə bizə çox yüksək səviyyədə kömək edir. Rayonumuzda tikilən məktəblərin əksəriyyətində Heydər Əliyev Fondunun həm təşəbbüsü, həm birbaşa həyata keçirdiyi layihələr var. Buna görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Sizə hər zaman öz təşəkkürümüzü bildiririk ki, həm bu sahədə, həm də digər bütün sahələrdə rayonumuza böyük diqqət və qayğı göstərirsiniz.

Qeyd edildi ki, Şamaxıda digər prioritet istiqamət səhiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Səhiyyə Təşkilatı Heydər Əliyev Fondu ilə birlikdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.

Tahir Məmmədov: Hazırda ilkin olaraq mobil klinikalar fəaliyyət göstərir. Kəndlərdə Heydər Əliyev Fondu tərəfindən tikilmiş tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə modelin əsas istiqaməti ailə sağlamlıq mərkəzlərinin formalaşdırılmasıdır ki, əhali yalnız xüsusi zərurət olanda mərkəzi xəstəxanalara müraciət etsin. Onlar gündəlik səhiyyə xidmətini orada rahat ala bilsinlər.

O da qeyd olundu ki, Şamaxıda abadlıq işləri geniş vüsət alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir.

Tahir Məmmədov: Rayonumuzda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən quruldu, tam əsaslı təmir olundu, müasir standartlara uyğun mədəniyyət evi formalaşdı. Təbii ki, turizm rayonunda nəqliyyatın təhlükəsiz hərəkəti ən vacib məsələdir. Bununla bağlı hazırda dairəvi yol ötürücüləri və sair inşa olunmaqdadır. Bu məsələdə Avtomobil Federasiyasının xarici ekspertləri cəlb etməsi təbii ki, işimizi daha da asandlaşdırır və səmərəliliyi artırır.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb.

Prezident İlham Əliyev: Artıq o xarici şirkət enerjiyə qənaət edən dirəkləri quraşdırmağa başlayıbdır. Mən yol boyunca gördüm.

Tahir Məmmədov: Bəli, cənab Prezident, bu layihə Sizin birbaşa bizim rayonumuza olan böyük hədiyyənizdir. Bu cür ən müasir standartda işıqların qurulması Şamaxı kimi yeddi ay güclü dumanlı olan bir ərazidə həm nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətinə yaxşı şərait yaradır. Həm də çox müsbət bir aurası var, gözəl işıqlardır.

Prezident İlham Əliyev: Bir də ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə dirəklərlə müqayisədə elektrik enerjisinin sərfiyatına təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.

Tahir Məmmədov: Bəli, dediyinizi biz artıq reallıqda görürük.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideynləri ilə görüşdülər.

Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltaraş Samir Kaçayevin əsəridir.

Prezident İlham Əliyev: Bəli, bilirəm.

Tahir Məmmədov: “Küləklə sovrulanlar” adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.

Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.

Tahir Məmmədov: Bəli.

Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.

Samir Kaçayevin atası: Çox sağ olun.

Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.

Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.

Xatirə şəkli çəkdirildi.

Samir Kaçayevin atası: Çox sağ olun.

Prezident İlham Əliyev: 22 yaşı var idi.

Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəm.

Mehriban xanım, Sizə də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.

Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.

Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.

Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.

Prezident İlham Əliyev: Bəli, elədir.

Samir Kaçayevin ailə üzvü: Bu onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.

***

Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.

Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma Mərkəz barədə məlumat verdi.

Bildirildi ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli – Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək. 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.

Onu da deyək ki, burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Buna misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3.1 faiz çoxdur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.

Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.

***

Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən quruldu. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.

Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.

Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv