!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev və xanımı yeni park kompleksinin açılışında - FOTO/Yeniləndi

!Reklam – Yazi

11:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrinin əhatə etdiyi ərazidə salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər.

Yenicag.az xəbər verir ki, idman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.

Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.

Qeyd edilib ki, idman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir.

Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeniləri yaradılır. Bu istirahət məkanlarında idmanın təbliğinə və vətəndaşlarımızın fiziki sağlamlığına xüsusi diqqət ayrılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

Yeni parkların və istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Müasir üslubda, orijinal dizaynda qurulan bu idman-əyləncə park kompleksinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir.

www.yenicag.az

3174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv