Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfrans işə başlayıb.
Yenicag.az xəbər verir ki, konfransın açılışında Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Əşrəf Qani iştirak edir.
Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirib.
Konfransa, həmçinin Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan və İran xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavini, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələri qatılıb.
Qeyd edək ki, “Asiyanın Qəlbi” – İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma sayılır. Konfrans gələn il Türkiyədə keçiriləcək.