İlham Əliyev yanğında zərərçəkənlərə 3 milyon ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. zərər çəkmiş sahibkarlara bu Sərəncamın 1-ci hissəsinə əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.