İlham Əliyev Yaponiyanın xarici işlər nazirini qəbul etdi

11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd etdi və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirdi. Taro Kono Yaponiyanın “İtoçi” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğuladı, AÇQ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd etdi və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Nazir daha sonra dedi ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğuladı. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd etdi və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışıldı, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edildi.

COP29