Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Dövlətimizin başçısı videoqəbulda çıxış edib:
– Bu gün siz icra başçıları vəzifəsinə təyin edilirsiniz. Bakı şəhərinin Nizami, Nərimanov və Kürdəmir rayonlarına rəhbərlik edəcəksiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz.
İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır.
Bölgələrə gəldikdə, bölgələrdə canlanma və inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.
Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız.
Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür – Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş