İlham Əliyev: “Zəngilan şəhəri park şəhərinə çevrilməlidir”

“Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq”.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

“Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, – bilirsiniz, mən dəfələrlə burada olmuşam, – görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq.

Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək”, – dövlət başçısı bildirib.