!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən Afina və Moskvaya TƏRS SİLLƏ: “Başqa alternativimiz qalmayıb” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Prezident Azərbaycanın istər Rusiya, istərsə də Yunanıstanla bağlı ciddi iradlarının olduğunu açıq mətnlə bəyan etdi”.

Bu fikirləri Yenicag.az-a açıqlanmasında prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən, rəsmi Afinanın yolverilməz davranışları, həmçinin Bakının Şərqi Aralıq dənizində gedən proseslərdə Türkiyənin mövqeyini tərəddüdsüz dəstəklədiyi haqda səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, prezidentin bəyan etdiyi bu mövqe Azərbaycanın artıq balanslaşdırılmış xarici siyasətdən imtina etdiyini və ortaya açıq mövqe qoyduğunu göstərir:

“Rəsmi Bakı xarici siyasətini ciddi şəkildə korrektə etməkdədir. Bildiyiniz kimi, Azərbaycan əvvəl balanslaşdırılmış xarici siyasət həyata keçirirdi. Mən o zaman da deyirdim, Azərbaycan kimi ölkələrin balanslı siyasət yürütmələri çox çətin, hətta mümkünsüzdür. O baxımdan, yaranmış beynəlxalq şəraitdə Azərbaycanın seçim etməsi zəruri idi və hiss olunur ki, rəsmi Bakı artıq seçimini edib.

İlham Əliyevin Yunanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri qəbul edərkən, səsləndirdiyi fikirlər də bundan xəbər verir. Prezident Yunanıstanın mövqeyi ilə əlaqədar iradlarını ən açıq mətnlə səfirə bildirdi.

Birincisi, dövlət başçısı dedi ki, Yunanıstan Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında imzalanan sənədə zidd siyasət yürüdüb. Çünki həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq təsbit olunub. Yunanıstan isə Ermənistanla, üstəgəl, Kipri də bu prosesə qoşaraq, siyasi-hərbi blok formalaşdırır.

İkincisi, dövlət başçısı məlum bir faktı da xatırladaraq, vaxtilə Yunanıstanın Azərbaycanın Dövlət Neft Şirkətinin “Desfa” kompaniyasının özəlləşdirilməsi prosesində iştirakını xahiş etdiyini diqqətə çatdırdı. Azərbaycanın Dövlət Neft Şirkəti tenderə qoşuldu, qalib gəldi, ancaq sonra Yunanıstan hökuməti öz öhdəliyini yerinə yetirmədi. Bu da ikitərəfli əməkdaşlığa ciddi zərbə vurdu.

Üçüncüsü isə dövlət başçısı açıq dedi ki, Şərqi Aralıq dəınizində baş verən proseslərdə Azərbaycan birmənalə və tərəddüdsüz olaraq, qardaş və strateji müttəfiqi olan Türkiyəni dəstəkləyir. Bu, açıq mesaj idi.

Səfirlə söhbət zamanı daha bir maraqlı məqam prezident İlham Əliyevin Rusiyanın Ermənistana iri həcmdə silah göndərdiyini yenidən xatırlatması oldu. Prezident Rusiyalı həmkarı Putinlə telefon danışığı zamanı Ermənistana göndərilən 400 ton silah məsələsini qaldırımışdı. Dövlət başçısı bu prosesin yenə davam etdirildiyini bildirdi.

Yəni prezident Azərbaycanın istər Rusiya, istərsə də Yunanıstanla bağlı ciddi iradlarının olduğunu açıq mətnlə bəyan etdi. Bu mesajlar həm də ona işarədir ki, Azərbaycan Türkiyə ilə hərbi-siyasi müttəfiqliyini daha da dərinləşdirəcək. Çünki bizim başqa bir alternativimiz qalmayıb”.

Aqil Bəkir

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv