İlham Əliyevdən cəbhəboyu rayonlarla bağlı sərəncam

sekilgoster (1)Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuş, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, habelə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə qərara alıram:

1. Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.