İlham Əliyevdən çinli həmkarına təbrik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının yeni Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda bildirilib:

“Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

COP29