İlham Əliyevdən mühüm sərəncam

1407595687_ilham-aliyev-0874-300x225Azərbaycan prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.

Qeyd edək ki, müvafiq dəyişikliklərə əsasən, qanunun 36.9-cu maddəsi aşağıdakı redaksiyada verilib: “Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir”.

Qanunun 44.2-ci maddəsinin birinci cümləsi isə belədir: “Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir”.