İlham Əliyevdən vacib Qarabağ AÇIQLAMASI

245484“Builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirib. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənib”.

Yenicag.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev mayın 9-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Prezident vurğulayıb ki, aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Qarşımızda duran əsas vəzifənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu xüsusi qeyd edən dövlət başçısı bildirib ki, bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edilərək mövqeyimiz danışıqlar prosesində gücləndirilir: “Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq norma və prinsiplərin əsas rol oynadığını bildirən dövlətimizin başçısı vurğulayıb ki, biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.