Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirak edib və bir sıra panellərdə çıxış edərək xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
Forum çərçivəsində baş tutan“Strateji baxış: Avrasiya” mövzusunda gerçəkləşən panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına Prezident İlham Əliyevin cavabı isə siyasi tarixin səhifələrinə birdəfəlik həkk olundu.
Bir qədər qıcıq yaradan bu suala İlham Əliyev belə cavab verdi: “Bakıya!”.
Yəni hazırkı durumda dünya dövlətlərinin bir çoxunun öz xarici siyasətini regionda və dünyada baş verən proseslərə uyğun şəkildə müəyyən etməsi faktdır. Bütün bu qlobal hadisələrin fonunda ən strateji və çətin coğrafi ərazidə yerləşən Azərbaycanın müstəqil siyasət yürütməsi bəzi nəhəng oyunçuların xoşuna gəlməsə də, rəsmi Bakı artıq 30 ildir ki, müəyyən etdiyi xarici, daxili strategiyaya sadiq qalaraq, öz milli, eləcə də dövlət maraqlarından çıxış etməklə bütün ölkələrlə bərabərhüquqlu əlaqələr qurmağa çalışır.
Prezident çıxışında bəzi qüvvələrin regionun siyasi xəritəsini yenidən dizayn etmə cəhdlərinə, dondurulmuş münaqişələr və Azərbaycanın pozulmuş ərazi bütölüyünə diqqət çəkərək, hər bir xalqın öz dövlətinin sərhədləri daxilində, eləcə də qonşuları ilə yaxın əlaqələr quraraq dinc yaşamaq haqqının olmasından, artıq dünyada sərhədlərinin dəyişməyəcəyindən danışaraq beynəlxalq hüquqa riayət etmənin hər bir dövlətin dünya ictimaiyyəti qarşısında ümdə borcu olduğunu vurğuladı.
İlham Əliyev bildirib ki, nəhəng dövlətlərin maraq savaşının ən kəskin həddə çatdığı bir dövrdə, milli maraqlardan və müəyyən edilmiş dövlət strategiyasından danışmaq o qədər də asan məsələ deyil. Amma Azərbaycan prezidentinin dönə-dönə və qətiyyətlə vurğuladığı bu fikir ondan xəbər verir ki, rəsmi Bakı heç bir halda ölkənin maraqlarının ziddinə gedən hansısa siyasi və iqtisadi məsələdə geri addım atmayacaq. Hökumət müstəqil siyasət yürütməkdə davam edəcək.
Çıxışında prezident Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən, xüsusilə də, iqtisadi uğurlardan danışaraq, bütün çətinliklərə baxmayaraq daxili imkanlar hesabına qeyri-neft sektorunun sürətli inkişaf tempini, islahatların davamının ölkə üçün həyati əhəmiyyət kəsb etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Onu da qeyd edək ki, Davos Forumunun hesabatına əsasən:
– Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir;
– Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir;
– 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib;
– Davos Forumu Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb;
– Yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək;
– Azərbaycanın iqtisadi artımı əhalinin artımına uyğun gəlməlidir;
– Azərbaycan yoxsulluq həddini 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacaq;
– Azərbaycan birbaşa xarici borcun azaldılması ilə bağlı uzun müddətli strategiyaya malikdir. Əsas hədəf ümumi daxili məhsulun 17 faizini təşkil edərək, aşağı səviyyədə olan xarici borcu ÜDM-in 10 faizinə qədər endirməkdir;
– İnflyasiyanın 2,5 faiz səviyyəsində saxlanması prioritet vəzifələrdən biridir;
– İnsanların gəliri həmişə inflyasiyanı üstələməli, iş yerlərinin yaradılması demoqrafik artımdan daha çox olmalıdır;
– Azərbaycanın yaxşı idarəçilik, şəffaflıq, hesabatlılıq, həyat və yaşayış standartları ilə bağlı meyarlarını Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırması üçün yeni yanaşma tələb olunur.
Keçmiş SSRİ-də demoqrafik vəziyyətdən danışan İlham Əliyev Azərbaycan əhalisinin iqtisadi inkişafla proporsional olaraq artdığını və əhalinin problemlərinin həlli məsələsinin Azərbaycan hakimiyyəti üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb.
“Azərbaycan dinamik, davamlı, seçilən düzgün iqtisadi strategiya sayəsində heç bir böhrandan təsirlənməyərək inkişaf edən bir ölkədir. Daxili siyasi-ictimai sabitlik, möhkəm xalq-hakimiyyət vəhdəti, vətəndaşların hökumətə sarsılmaz inamı və etibarı bizə bütün bu işləri görməyə imkan verib”, – deyə vurğulayan prezident, bir daha bütün dünyaya Azərbaycanın istənilən sahədə əksər ölkələrə örnək ola biləcəyini bəyan etdi.
Ermənistanın işğalçılıq siyasətinin bütün regionun təhlükəsizliyi üçün təhdid olduğunu bildirən Azərbaycan prezidenti ərazi bütövlüyümüzün bərpası üçün dövlətin bütün resurslarının səfərbər olduğunu, amma bu problemin sülh yolu ilə həllinə Bakının hələ də ümidini itirmədiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.
“YeniÇağ” analitik qrupu