İlham Əliyevin dəstəyinə Türkiyədən MİNNƏTDARLIQ: “Bu mövqe bizim üçün çox önəmlidir” – AKP-li deputat

“Azərbaycan prezidentinin dünənki çıxışı Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün çox önəmli bir mövqe idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edərkən Azərbaycanın Şərqi Aralıq dənizində baş verən proseslərdə Türkiyəni tərəddüdsüz dəstəklədiyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBBM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım deyib.

Şamil Ayrım bildirib ki, prezident İlham Əliyevin bu dəstəyi Türkiyə üçün böyük əhəmiyyət daşıyır:

“Əvvəla, cənab prezidentə bu qəti mövqeyinə görə təşəkkür etmək istəyirəm. Çünki prezidentin dünənki çıxışı Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün çox önəmli bir mövqe idi.

Daha öncə də cənab Əliyev Türkiyəyə dəstəyini ifadə etmişdi. Ancaq Şərqi Aralıq dənizi mövzusunda ilk dəfə birbaşa olaraq yunan səfirə “Biz qardaşımız, dostumuz olan Türkiyənin yanındayıq. Mən lazımi təlimatları vermişəm, bunu Yunanıstan tərəfinin də bilməyini istəyirəm”, – dedi.

Bu, Türkiyə üçün çox önəmli bir dəstəkdir. Bildiyiniz kimi Türkiyə Şərqi Aralıq dənizində ən uzun – min beş yüz kilometrdən artıq sahil xəttinə malik olan ölkədir. Türkiyə özünün, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin ərazi sularında neft axtarır.

Buna isə Yunanıstan və bəzi dövlətlər mane olmağa çalışırlar. Biz beynəlxalq hüquqa hörmət edən bir dövlət kimi məsələnin dialoq yolu həlli üçün təmkinli davranırıq.

Ancaq təəssüf ki, qarşımızdakı tərəflər yolverilməz davranışlarını daha da sərtləşdirirlər. Belə bir dönəmdə İlham Əliyev tərəfindən Azərbaycanın Türkiyəyə dəstəyinin ifadə edilməsi bizim üçün çox əhəmiyyətlidir.

Biz artıq “Bir millət, iki dövlət” yox, “Bir millət, bir dövlətik”, bütün beynəlxalq platformalarda qardaş ölkə olaraq haqlarımızı qorumağa çalışırıq. Qarabağ münaqişəsinin ədalətli həlli Türkiyə üçün nə qədər önəmlidirsə, Türkiyənin Şərqi Aralıq dənizində qarşılaşdığı vəziyyət də Azərbaycan üçün o dərəcədə həssas məsələdir.

Mən bir daha cənab prezident İlham Əliyevə, Azərbaycan xalqına səmimi təşəkkürlərimi çatdırıram. Biz haqlı olduğumuz məsələlərdə hər zaman qalib gələcəyik”.

Aqil Bəkir