“İlham Əliyevin Güney Azərbaycandakı soydaşlarımızla bağlı dediklərinin İranda doğurduğu effekt…” – RƏY

“Həm İran mediasında, həm də o ölkənin siyasətçilərinin çıxışlarında Azərbaycan əleyhinə mövqe ifadəsində səngimə görünür”.

Bu fikirləri İranın fars rejiminin Azərbaycana yönəlik davranışında müşahidə olunan geriçəkilmələrlə bağlı danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin son çıxışları və Azərbaycan ordusunun sərhədyanı ərazilərdə keçirdiyi təlimlər İran üçün çəkindirici amil rolunu oynayıb:

“Birbaşa bunu demək istərdim ki, həm İran mediasında, həm də o ölkənin siyasətçilərinin çıxışlarında Azərbaycan əleyhinə mövqe ifadəsində səngimə görünür. Yəni ötən həftələrdə olduğu kimi, təhdid və ya qorxuducu mövqedən çıxış halları xeyli azalıb.

Hətta bəzi rəsmi şəxslər və siyasətçilərin artıq yumşaldıcı tövr tutduqlarını da söyləyə bilərik. Bu çərçivədə keçmiş nazir Vilayətinin məlum məqaləsini nümunə göstərmək olar. Ancaq özünü türk yox, “azərbaycanlı” adlandıran Vilayətinin məqaləsində İran rejiminin təəssübkeşliyi gizlədilməyib.

Digər tərəfdən, rejimin davranışındakı bu geriçəkilmədə Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə iki çıxışının, o cümlədən Azərbaycan ordusunun sərhədyanı ərazilərdə keçirdiyi təlimlərin rolunu da qeyd etməliyik. İlham Əliyevin Güney Azərbaycandakı soydaşlarımızla, onların hüquqları ilə bağlı dediklərinin İranda doğurduğu effekt çox böyük olub. O çıxışlar geniş müzakirə olunub və təqdir qazanıb.

İran rejimi bütün hallarda öz vəziyyətinin ağırlığını anlayır və belə bir durumda Azərbaycanla gərginləşməyə getməyin yersiz olduğunu bilir. Qırx milyon türkün yaşadığı ölkədə Azərbaycanı hədəf almağın hansı ağır nəticələrinin olduğunu başa düşür. Ona görə də indi öz bəyanatlarını və hərəkətlərini daha çox ölçüb-biçməyə çalışırlar”.

A.Zeynalov