Sosial şəbəkələrdə Azərbaycanda dinin radikal təmsilçilərinin İranlı generaldan silah istədiklərinə dair məktub yayılıb.
Yenicag.az xəbər verir ki, “Odnoklassniki” sosial şəbəkəsində “Azərbaycanın mömin təbəqəsi” adından İranın İslam İnqilabını Mühafizə Korpusunun xarici əməliyyatlar üzrə komandanı, general Qasım Süleymaniyə 2015-ci ilin dekabrında ünvanlanan, başdan-ayağa Azərbaycan dövləti və hakimiyyətinə qarşı təxribatçı çağırışlardan ibarət olan məktub bu günlərdə yenidən dövriyyəyə buraxılıb.
İranın Əsəd rejiminə dəstək məqsədi ilə Suriyaya göndərdiyi hərbi qüvvələrə rəhbərliyi dönəmində məşhurlaşan general Qasım Süleymanini az qala ilahiləşdirən məktub müəllifləri onun adına ağlagəlməz təşbehlər qoşublar:
“Zəmanəmizin Malik Əştəri, İslam ümmətinin bükülməz qolu, məzlumların ümid yeri, haqq cəbhəsində gecə-gündüz yorulmaq bilmədən vuruşan canlı şəhid Hacı Qasim Süleymani”.
Müəlliflər məktubun davamında “düşmən”lərin 3-4 müsəlman dövlətində “hərtərəfli müharibə”yə başladıqları, daha bir neçə ölkədə isə müharibə vəziyyyəti yaratdıqlarını Amerikanın kəşfi qismində təqdim ediblər.
Onlar daha sonra bu proseslərdə Süleymaninin mövcud çətinliklərin aradan qaldırılmasındakı rolunu “qiymətləndiriblər”:
“Siz haqqa arxalanıb, Allaha təvəkkül edib, bütün bu çətinliklərin öhdəsindən məharətlə gəlmisiniz. Azərbaycan möminləri Hacı Qasim adı ilə qürur duyur, Sizə dua edir, daha böyük müvəffəqiyyətlər əldə etməyinizi arzulayır”.
Məktubun bundan sonrakı hissəsində isə müəlliflərin hədəfinin müsəlman ölkələrini oda qalayan beynəlxalq imperialist dairələrinin deyil, məhz Azərbaycan dövləti ilə hakimiyyətinin olduğu açıq görünür.
Süleymaniyə “ilahi xilaskar” gözü ilə baxan “möminlər” İslam dünyasına qarşı ardı-arası kəsilməyən təxribatlara görə Azərbaycan hakimiyyətini günahkar çıxartmaqdan çəkinməyiblər.
İranlı generala göndərilmiş məktubun kulminasiyası isə həmin “mömin”lərin “ədalətsizliyə dözməyərək, silaha sarılmaq” niyyətlərini bəyan etmələridir. Bu niyyətin hədəfi isə dünyanın dördbir yanında müsəlmanlara zülm edən xristian şovinistləri deyil, məhz Azərbaycan hakimiyyyətidir:
“Xahiş edirik, bizi silahlandırın. Təlimat verib, mübarizəyə hazırlayın. Bizi də İslam ümmətinin müqavimət cəbhəsinə qoşun.
Əlimizə silah verin ki, hər gün bizi şərləyən Əliyev rejimi silahlı möminlərin kim olduğunu anlasın. Şübhə yoxdur ki, bu iş Sizin üçün su içmək qədər asan bir işdir”.
Göründüyü kimi, özlərini “mömin” adlandıran məktub müəllifləri Azərbaycan dövlətinə qarşı silahlı çıxışa açıq çağırış edirlər və bu işdə İranın odioz generalından yardım istəyirlər.
Hər halda, şübhə yoxdur ki, Azərbaycanın təhlükəsizlik strukturları bu məktub və onun müəllifləri olan İranın “5-ci kolon” təmsilçiləri ilə bağlı durumu araşdırıb, lazımi tədbirləri görəcəklər.
Məsələnin maraqlı tərəfi Süleymaniyə göndərilən bu məktubun məhz prezident İlham Əliyevin noyabrın 1-də İrana planlaşdırılan səfəri ərəfəsində təkrar yayımlanmasıdır.
Aydındır ki, bunda əsas məqsəd Azərbaycan və İran arasında son dövrlərdə əhəmiyyətli dərəcədə normallaşan siyasi münasibətlərin və genişlənməkdə olan iqtisadi əlaqələrə zərbə vurmaqdır. Ancaq qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafı bu tip təxribatların nəticəsiz qalacağını söyləməyə əsas verir.
Yekunda bir qrup azərbaycanlı “mömin”in “ümid yeri” kimi baxdığı general Qasım Süleymaninin kimliyinə nəzər salaq.
Bu generalın adı daha çox İranın Suriya böhranında Əsəd rejiminə dəstək üçün həmin ölkədəki proseslərə hərbi müdaxiləsi dalğasında məşhurlaşmağa başladı.
Amansızlığı ilə ad çıxaran, İŞİD terrorçuları ilə bərabər Əsəd rejiminə qarşı vuruşan Azad Suriya Ordusunun döyüşçülərinə qarşı da xüsusi qəddarlığı ilə seçilən general Süleymani İranın Fars körfəzindən Aralıq dənizinə qədər ərazini əhatə edən “Şiə zolağı” planının icrasında da həlledici fiqurlardan biri sayılır.
Onun İranla yanaşı, İraq, Suriya və Livan şiələri arasında ciddi nüfuzunun olduğunu əksər mənbələr də təsdiqləyir.
Lakin Süleymani də bu nüfuz və səlahiyyətlərinə baxmayaraq, azərbaycanlı “cihadçılar”ın “bizi silahlandırın” xahişini həyata keçirtmək iqtidarında deyil – hətta bunu istəsə belə…
Səbəb aydın olduğu qədər də sadədir – Azərbaycan dövləti özünü və təhlükəsizliyini qorumaq gücündədir və bu istiqamətdə yarana biləcək istənilən təhdidi vaxtında zərərsizləşdirməyə qadirdir.
Bunu “mömin”lər bilməsə də, Süleymani yaxşı bilir.
A. Zeynalov