“Beynəlxalq təşkilatların ümumi rəyi də seçki prosesinin uğurla başa vurulduğunu təsdiqləyir”.
Bu fikirləri dünən baş tutan növbədənkənar prezident seçkilərinin yekunlarını dəyərləndirən prezidentliyə keçmiş namizəd Fazil Mustafa Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün tam əlverişli şərait yaradılmışdı:
“Ümumilikdə götürsək, seçki prosesi yüksək səviyyədə keçirildi. Namizədlər olaraq rahat şəkildə heç bir maneə və məhdudlaşdırıcı addımlarla qarşılaşmadan efir çıxışları etdik, fikir mübadiləsi apardıq. Debatlarda istər hakimiyyət, istərsə də müxalifət təmsilçiləri mədəni üslubda öz mövqelərini diqqətə çatdırdılar.
Həmçinin səsvermə günü əhalinin fədakarlığını gördük. Sanki hər kəs Qarabağın azad olunmasının qarşılığını verməyə çalışırdı. Bu qələbə Prezident İlham Əliyevin həqiqətən də, haqqıdır. Bizlər də demokratik proseslərdə iştirak edən şəxslər kimi daha yaxşı rifah içində yaşamalı olan Azərbaycan modeli üçün alternativ layihələrimizi ortaya qoyduq.
Nəticə etibarilə, uğurlu seçki kampaniyası həyata keçirildi. Düzdür, qərəzli çıxışlar hər zaman olub və olacaq. Ancaq beynəlxalq təşkilatların ümumi rəyi də seçki prosesinin uğurla başa vurulduğunu təsdiqləyir. Əsas amil bu prosesdən ölkənin tərəqqisi üçün istifadə olunmasıdır”.
Nəsimi Ələsgərli