İlham Əliyevin Putinlə görüşü: Hansı məsələlər müzakirə ediləcək? – AÇIQLAMA

“Prezident İlham Əliyevin Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü ikitərəfli əlaqələrin mövcud vəziyyətinin müzakirə edilməsi baxımından əhəmiyyətli sayıla bilər”.

Bu fikirləri Yenicag.az-la söhbətində “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Siyasi təhlilçi Prezident İlham Əliyevin Moskva səfəri çərçivəsində Vladimir Putinlə baş tutacaq görüşünü, habelə görüşdə müzakirə ediləcək məsələləri şərh edib.

E. Şahinoğlu isə xatırladıb ki, 2 il əvvəl 2 dövlət arasında strateji əməkdaşlıq haqqında bəyanat imzalanmışdı:

“Şəxsən, mən Rusiyanın Cənubi Qafqaz siyasətini sərt tənqid edənlərdən biriyəm, amma indi Rusiya qonşu dövlətdir və açıq desək, antiterror əməliyyatlarında bizə maneə olmadı. Həmçinin bu gün Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını Azərbaycanın uğuru saymaq olar. Fikrimcə, bu məsələlər müzakirə ediləcək”.

Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir.

“Çünki Moskva 2020-ci il bəyanatında dəhlizin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin nəzarəti altında olmasını əks etdirən 9-cu bəndə istinad edir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu bəndi yerinə yetirmək istəmir”, – deyə o bildirib.

E.Şahinoğlu əlavə edib ki, hazırda Azərbaycan üçün önəmli olan Ermənistanla sərhəd məsələsini həll etməkdir ki, bu 4 kənd də indi boşaldılır:

“Növbəti mərhələdə isə Zəngəzur dəhlizinin açılması məsələsi gələcək. Bizim əsas istəyimiz maneəsiz keçiddir, amma Bakı müxtəlif variantları müzakirə etməyə də hazırdır. Çox güman ki, Rusiya prezidenti ilə görüşdə həm Azərbaycanla ikitərəfli əlaqələr, həm bölgədəki vəziyyət, həm də Zəngəzur dəhlizi ilə bağlı çıxış yolları, müzakirə olunacaq”.

Xatırladaq ki, Rusiyanın “Kommersant” nəşri yazıb ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri Moskva-Bakı-İrəvan danışıqlarının formatını bərpa edəcək.

Rafi Müslümov

COP29