Ermənistan KİV-lərində Paşinyan və komandası əleyhinə sərt çıxışlar artmaqdadır. Son olaraq zham.am saytında dərc olunan “Niyə Əliyev özünə Paşinyanı lağa qoymağa rəva bilir?” başlıqlı məqalə yer alıb. Məqalədə Azərbaycan Prezidentinin faşist Njdeni Molotov və Soljenitsinlə müqayisə edən Paşinyanın tarix elmindən və tarixi fakltlardan tamamilə bixəbər olduğu haqda səsləndirdiyi fikirlər öz əksini tapıb.
Hakimiyyətə gəldikdən bu yana Ermənistanın heç bir ciddi problemini həll edə bilməyən Nikol Paşinyan ancaq erməni xalqının başına “corab hörməklə” məşğuldur. Dərin iqtisadi böhran, əhalinin ağır sosial durumu, ordudakı əsgər ölümləri, iqamətgahı qarşısında ac-yalavac ermənilərlə polis arasında hər gün baş verən qarşıdurmalar sanki Paşinyanın heç vecinə də deyil. Ölkənin problemləri ilə məşğul olmaqdansa, tipik bir şoumen kimi gah Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib Njde kimi faşistlərə abidə ucaltmaqla, baş nazir Ermənistanın ağır durumunu görməzdən gəlir.
Çünki ölkəni böhrandan çıxarmaq üçün ilk öncə həll olunması vacib problemin Qarabağın işğalının dayandırılması olduğunu gözəl bilir. Bu məsələ həllini tapmayana qədər Ermənistan region iqtisadiyyatının aktiv fiquruna çevrilə bilməyəcək. Bu isə İrəvanın inkişaf yolunun birdəfəlik bağlı olduğu anlamına gəlir.
Njdenin heykəlini öz çıxışları ilə dünya mediasının gündəminə çevirən Azərbaycan prezidenti son aylar keçirdiyi bütün yüksək səviyyəli görüşlərində bu məsələyə diqqət çəkib və Ermənistan rəhbərliyinin faşist Hitler rejiminə rəğbətinin kökündə onunla ideoloji bağlarının olduğu faktını xüsusi ilə vurğulayıb. Prezident İlham Əliyevin bu barədəki fikirlərinin bir çox nüfuzlu dünya KİV-lərinin əsas xəbəri kimi yayımlanması Paşinyanın ciddi narahatlğına səbəb oldu və fırıldaqçı erməni baş nazir bu məsələ ilə bağlı səsləndirdiyi hər kəlməsi ilə özünü biabır edərək, dolayı yolla faşist olduğunu da isbatlamış oldu.
Mediada baş tutan Əliyev-Paşinyan dialoqunun nəticəsi erməni liderinin faktiki olaraq, siyasi iflası ilə nəticələndi. Faşist cəlladı Qareqin Njdeni Soljenitsin və Molotovla müqayisə edən Paşinyan bu dəfə elementar orta məktəb səviyyəsində tədris olunan tarix fənnindən də xəbərsiz olduğunu ortaya qoydu. Baş nazirlərinin bu qədər avam və savadsız olması isə ilk növbədə erməni elitasını utandırdı və bir il əvvəl Paşinyana ciddi dəstək vermiş ziyalılar belə onun əleyhinə fikirlər səsləndirməyə başladılar.
Hazırda müzakirə etdiyimiz məqalə həmin fikirlərdən yalnız birini əhatə edir və erməni cəmiyyətinin öz liderinə görə necə böyük bir utanc hissi keçirdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Artıq müxaliflər Paşinyanı siyasi kütlüyün etalonu kimi qiymətləndirirlər. Yalnız daxildə deyil, Ermənistanı illərdir, yardımları ilə ayaqda tutan xarucdəki lobbi təşkilatlarının rəhbərləri də Paşinyan kimi bir savadsızın və səriştəsizin rəhbərlik etdiyi ölkənin sonunun yetişdiyini bildirirlər.
Buna misal Paşinyanın ABŞ-a son səfərindən də əliboş dönməsi faktıdır. Erməni lobbisinin başçıları ilə görüşündə onlardan Rusiyanın təsirindən çıxmaq üçün maddi yardım istəyən Paşinyana “ölkəsində korrupsiya ilə mübarizəni sona çatdırmaq” tövsiyə olunub. Bundan başqa, Ermənistana investisiya yatırmanın çox təhlükəli və riskli bir addım olduğunu bildirən diaspor rəhbərləri indiyədək verdikləri yüz milyonlarla dollarlıq yardımın erməni xalqına çatmadığını da Paşinyana xatırladıblar.
Siyasi platformalarda Azərbaycan prezidentinin arqumentlərinə qarşı söz deyə bilməyən Ermənistanın baş naziri artıq onunla görüşdən qaçmağa başlayıb və ölkə dasxilində hər gün azalmaqda olan reytinqini qaldırmaq üçün Koçaryan və Sərkisyan kimi Qarabağ məsələsini ön plana çıxarıb. Bu isə beynəlxalq hüquq müstəvisində Ermənistanın uğursuzluqlarını artırmaqda davam edir.
Bütün dünyanın Dağlıq Qarabağı hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsi kimi tanımasının fonunda işğal olunmuş ərazilərimizin qeydsiz-şərtsiz azad olunması haqda BMT qətnamələrinin olduğu halda, Paşinyan bütün dünyanın rəyinə və mövqeyinə məhəl qoymayaraq, bunun əksini iddia edir və bununla da regional sülhü təhlükə altına atmış olur.