İlham Əliyevin türk dünyasının gücləndirilməsinin zəruriliyi barədə çıxışları böyük əhəmiyyət daşıyır
Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq aləmdə unikallığı ilə seçilir. Bu iki qardaş ölkə mürəkkəb geosiyasi reallıqda etibarlı strateji tərəfdaş kimi, daim münasibətlərin inkişafına diqqət yetirib, əlaqələrin qırılmaz bağlarla möhkəmlənməsinə çalışıb. İstər siyasi, istərsə də iqtisadi sahələrdə əlaqələrin inkişaf səviyyəsi hər iki tərəfdə böyük məmnunluq doğurur, münasibətlərin daha da inkişaf etməsinə güclü zəmin yaradır.
Bu fikirləri Azərbaycan Tərcüməçilər İttifaqı İctimai Birliyinin sədri Ruslan Dadaşov söyləyib. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin tarixi böyükdür. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasına şərait yaradan amillərdir.
Münasibətlərin yüksək səviyyəsi tarixin ən mürəkkəb dövrlərində hər iki ölkənin bir-birinə dəstək olmalarına əsas vermişdi. İstər ötən əsrin əvvələrində, istərsə də son 30 il ərzində iki xalqın münasibətlərinin tarixi qarşılıqlı yardım, kömək nümunələri ilə zəngindir. Keçmiş SSRİ-nin “dəmir pərdə”si də iki ölkə arasında münasibətlərə son qoya bilməmişdi. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə də iki dövlət arasında münasibətlər olmuşdu.
Postsovet dövründə isə bu münasibətlər inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır. İkinci Qarabağ müharibəsindən sonra isə bu strateji münasibətlər mahiyyətcə daha da zənginləşdi, Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında hərbi-siyasi müttəfiqliyi daha gücləndirdi. Torpaqların erməni işğalından azad olunması hər iki ölkənin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaratdı. Prezident İlham Əliyevin iyunun 10-da Türkiyəyə növbəti işgüzar səfərin gündəliyi də belə deməyə əsas verir.
Hər iki ölkənin liderləri Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar. Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd olundu. “Dəmir İpək Yolu” adlandırılan bu nəqliyyat dəhlizinin fəaliyyətə başlaması Azərbaycanla Türkiyənin regional mövqelərinin daha da güclənməsinə şərait yaratdı, bölgə ölkələrinin iqtisadi həyatına da müsbət təsir göstərir. Çox böyük iqtisadi və siyasi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artmasına imkan yaradır. İki ölkəni dəmir yolu vasitəsilə birləşdirən bu layihə əlaqələrin dinamikasına əlavə stimul verir.
Görüşdə, həmçinin Orta dəhlizin inkişafında iki ölkənin birgə fəaliyyətinin əhəmiyyəti vurğulandı. Əminliklə demək olar ki, Orta Dəhliz Çin və Avropa arasında ticarət üçün əlverişli alternativ marşrut olmaqla yanaşı, Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafında mühüm rol oynaya bilər. Orta dəhliz Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat arteriyası olmaq potensialına malikdir. Geosiyasi qeyri-sabitlik və təchizat zəncirinin pozulması ilə ənənəvi marşrutlara uyğun alternativ ola bilər. İnvestisiya, əməkdaşlıq və davamlı təcrübələrin tətbiqi şərti ilə Orta Dəhlizin təkcə ticarəti stimullaşdırmaqla yanaşı, regionda inkişafı və sabitliyi təşviq edəcəyi proqnozlaşdırılır. Bu baxımdan Azərbaycan və Türkiyə layihənin iki strateji üzvü kimi Orta Dəhlizin reallaşmasında maraqlıdırlar. İki qardaş ölkə bu dəhlizin reallaşmasında həm də ona maraqlıdırlar ki, layihə Türkiyədən Qafqaza uzanan, Xəzər dənizindən keçərək Türkmənistan və Qazaxıstandan keçməklə Çinə çatan tarixi İpək Yolunu canlandıracaq.
Görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) və iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi, Şuşada keçiriləcək qeyri-rəsmi OTS sammitinin əhəmiyyəti də bir daha qeyd edildi. Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə türk dövlətlərinin qlobal güc mərkəzinə çevrilməsi üçün zəruri addımlar atır. Son illərdə dövlətlərarası münasibətlərdə intibah müşahidə olunur və türk xalqları mürəkkəb geosiyasi şəraitdə birləşməyin, vahid cəbhədən çıxış etməyin üstünlüyünü yaxşı anlayırlar. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının gücləndirilməsinin zəruriliyi barədə çıxışları böyük əhəmiyyət daşıyır.
Ruslan Dadaşov sonda qeyd edib ki, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Eyni zamanda, iki ölkə arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi əlaqələrin bundan sonra da inkişaf etməsinə və güclənməsinə güclü zəmin yaradacaq./xalqqazeti.az