Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.
Yenicag.az xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq.
Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.
Sizi bir daha salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycana rəsmi səfər barədə dəvətimi qəbul etmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.
Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürümü bildirirəm.
Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
*** 10:50
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.
Yenicag.az xəbər verir ki, hər iki ölkənin bayrağının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verib.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü başlayıb.