İlham İsmayıldan partiya sədrinin iddiasına CAVAB: “O, hakimiyyətə yarınmaq üçün belə saxtakarlıq edir”

“Azərbaycanın 1992-ci il uğurlu yay hücum kampaniyası müasir hərb tariximizin şərəfli səhifəsidir və o səhifəni Abutalıb Səmədovun iddia etdiyi kimi, ruslar deyil, özümüz yazmışıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ordusunun 1992-ci ildə Dağlıq Qarabağda həyata keçirdiyi uğurlu yay hücum kampaniyasında əsas rolu SSRİ-nin, daha sonra isə Rusiyanın 104-cü hava-desant diviziyasının (komandiri general-mayor Valeri Şerbak) oynadığına dair iddialara münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

Bu gün “Müsavat TV”nin canlı efirində çıxış edən Azərbaycan Naminə Alyans Partiyasının sədri (ANAP) Abutalıb Səmədov Azərbaycan Ordusunun 1992-ci ildə Dağlıq Qarabağda həyata keçirdiyi uğurlu yay hücum kampaniyası haqda da danışıb.

Partiya sədri iddia edib ki, həmin əməliyyatlarda Azərbaycan tərəfindən general-mayor Valeri Şerbakın komandiri olduğu Rusiyanın 104-cü hava-desant diviziyasının bölmələri aktiv iştirak ediblər. Səmədov fikirlərinin təsdiqi kimi sabiq baş nazir Pənah Hüseynin də o əməliyyatlarda iştirak üçün “Şerbaka kisələrlə pul verildiyini” söylədiyini xatırladıb.

Açıqlamasında qeyd olunan iddiaya cavab verən İlham İsmayıl ANAP sədrini saxtakarlıqda suçlayıb:

“Bu məsələnin əsas hissəsinə keçməzdən əvvəl bildirmək istərdim ki, 1992-ci ildə bir dövlət olaraq, Azərbaycanın maliyyə imkanları aşağı səviyyədə idi. Ona görə də, guya dövlətin pullarının kisə-kisə Rusiya hərbçilərinə verilməsi haqda iddia boşboğazlıqdır.

Yaxşı, bir anlıq qəbul edək ki, Azərbaycan 1992-ci ildə ağır maliyyə durumuna baxmayaraq, Dağlıq Qarabağın azad edilməsi üçün Rusiya hərbi kontingentinin komandanlığına kisələrlə pul verib. O zaman belə bir sual yaranır: nəyə görə indi maliyyə vəziyyəti qat-qat yaxşı olan Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün pul xərcləmir? Bu müqayisə də o partiya sədrinin iddiasının nə qədər absurd olduğunu göstərir.

Belə düşünürəm ki, Abutalıbov Səmədov və onun kimilər Cəbhə hakimiyyətinin dövründə həyata keçirilmiş uğurlu hərbi əməliyyatlara kölgə salmaq, bununla da indiki hakimiyyətin nəzərində yaxşı görünmək üçün belə saxtakarlıq edirlər.

Bu saxtakarlığa əl atanlar hansı mənəvi məsuliyyətin altına girdiklərinin fərqindədirlərmi? Axı Allahverdi Bağırov və çox sayda digər Milli Qəhrəmanlarımız məhz 1992-ci ilin yay hərbi kampaniyasının gedişində şəhid olublar. Eyni zamanda, həmin döyüşlərdə yüzlərlə soydaşımız canından keçib. Bütün bunları inkar edərək, “Qarabağda bizimkilər yox, ruslar döyüşüb” deyən şəxs vicdanını tamamilə itirmiş olmalıdır.

Hər kəs bilməlidir ki, Azərbaycanın 1992-ci il uğurlu yay hücum kampaniyası müasir hərb tariximizin şərəfli səhifəsidir və o səhifəni Abutalıb Səmədovun iddia etdiyi kimi, ruslar deyil, özümüz yazmışıq”.

Aqil Bəkir