“Son günlər gündəmdə olan mühüm xəbərlərdən biri də Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması olub. Buna səbəb həmin qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunmasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.
O bir neçə il əvvəl mətbuatda çıxış edərkən Ramiz Mehdiyevin bəzi hərəkətlərinə qarşı fikirlərini açıq söylədiyini deyib:
“Xüsusən də, seçki proseslərinə müdaxilə etməsini, özü seçilə bilən, dövlətə, dövlətçiliyə bağlı olan milli adamların kənarda qalmasına, xalqın heç bir etimadını qazanmayan adamların isə məcburi həmin yerlərdən seçilməsinə, xalqın dövlətçiliyə qarşı narazı salınmasına xidmət edirdi. Nəinki adları çəkilən, hazırda artıq vəzifədə işləməyən bu adamlar, bu gün vəzifədə olan bir çox adamlar da var ki, sanki suyun dibinə çöküblər, səsləri çıxmır. Ancaq bunların bütün fəaliyyətləri, əməlləri göz qabağındadır. Xüsusən də, hansı qurumlardakı insanlar açıq-aşkar incidilir, rüşvət alınır, yəni hər şeyi rüşvətlə həll etmək istiqamətinə yönəldilir. Bu bir çox qurumlarda bu gün də davam etməkdədir. Bu adamların hərəkətinə başqa heç bir ad qoymaq olmaz. Aydındır ki, onlar xaricdən idarə olunan hansısa bir casus şəbəkənin üzvləridir. Və onların məqsədi insanları daimi narazı vəziyyətdə saxlamaqla dövlətə qarşı bir gərginlik yaratmaqdır. Təbii ki, bu gün onların bir hissəsi işdən azad olunsa da, onlardan vəzifədə qalanları da var və hələ də insanları incidirək narazılıq yaradırlar”.
O əlavə edib ki, Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib:
“Bu barədə də münasibət bildirmək istəyirəm. Artıq açıqlamalardan da məlum olduğu kimi yarım milyarda yaxın vəsaitin ayrılması ilə bağlı istər QHT-lər, istər mətbuat, istərsə də ayrı-ayrı şəxslərin fəaliyyətləri hələ araşdırılır, yəqin ki, bundan sonra da araşdırılacaq. Bir çox antimilli hərəkətlər üzə çıxır. Pulu kim verirsə, sifarişi də o verir. Mən vaxtilə, təxminən 10-15 il bundan əvvəl bir mətbuat qurumuna müsahibəmdə bildirmişdim ki, yaxşı olar ki, milli istiqamətdə, xüsusən də Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı çalışan bir çox təşkilatlar dövlət tərəfindən maliyyələşsin. Çünki əks halda bəzən bilərəkdən və ya bilməyərəkdən belə təşkilatlar təsir altına düşə bilirlər. Hətta ilk vaxtlarda onlara şirnikləndirici təkliflər verirlər, sonra artıq sifarişlər dəyişilir. Buna Gürcüstan hadisələrini misal göstərmək olar. QHT-lərdən həm də sonda gördükləri işin hesabatı tələb olunur. Ona görə də bu gün onların içində həqiqi mənada milli mücadiləyə, mübarizəyə özünü həsr etmiş bir şəxs, mətbuat görə bilmirəm. İlk baxışdan hamı bu istiqamətdə çalışdığını deyə bilər, ancaq yəqin ki, sübüt edə bilməzlər”.