Yardımsevər, könlü, əli açıq olmaq ilahi lütfdür, deyirlər.
Belə insanlar üçün ən böyük missiya, ən böyük amal insanlığa xidmətdir. Gördükləri hər iş, tutduqları hər əməl bu görəvə, bu ada sədaqət, bu amac üçün mübarizədir.
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimov kimi…
Əslində onu hər kəs tanıyır. Təkcə doğma məmləkətində deyil, dünyanın bir çox ölkəsində tanınır, adı sayğı, hörmətlə anılır.
Uğurlu insan, bacarıqlı iş adamı, nüfuzlu ziyalı, peşəkar hüquqşünas, Azərbaycanın ictimai həyatında böyük xidmətləri olan vətənpərvər kimi sonsuz sevgi qazanıb.
Amma o, həm də görünməyən, özünün göstərmək istəmədiyi xeyirxahlığı, yardımsevərliyi ilə də məşhurdur.
Vətən Müharibəsi zamanı ön cəbhəyə yardımı, elinə-yurduna bağlı insan kimi fəaliyyəti, şəhid Elşad Məmmədovun övladlarını himayəsinə götürməsi onun vətənpərvərliyi və xeyirxahlığının göstəricisi idi.
Bunlar mətbuatın, bizlərin ara-sıra yazdıqlarımızdan bəlli olanlarıdır. Bəlli olmayan, yazılmasını özünün istəmədiyi o qədər çox məqamlar var ki…
Sonuncunu isə yazmaya bilməzdik…
Çünki İlham müəllim növbəti dəfə yaşamaq üçün inadla mübarizə aparan daha bir körpənin nicatı oldu. Bu dəfə dara düşən həmkarımızdan birinin – jurnalist Türkan Məmmədlinin vaxtından tez doğulan körpəsi, balaca Bünyamin idi.
Həkimlər körpənin erkən doğulması səbəbindən çoxsaylı tibbi müdaxilələr, ard-arda gələn sağlıq sorumlarını sadaladılar.
Ən əsası isə təcili və gözlənilməz iki əməliyyat qaçılmaz idi. Kiçik vücudu ilə həyata, yaşamağa israrla tutunan, qətiyyətli, inadcıl balacanın böyük dəstəyə, himayəyə ehtiyacı vardı.
Himayədar olmaq missiyasını növbəti dəfə İlham müəllim üzərinə götürdü.
Müalicə xərclərini qaşılamaqda çarəsiz olan ailənin xəbəri olmadan həkim heyətini Bünyamin üçün səfərbər elədi.
Şükürlər olsun ki, bütün cəhdlər, çabalar mükəmməl sonuclandı. Bir neçə saat çəkən əməliyyatlar uğurla bitdi. Hazırda Bünyamin də, ailəsi də məhz bu himayənin sonucu olaraq sabaha daha ümidli və məmnundur.
Biz isə neçə -neçə həmkarımızın övladlarının səhhəti, sağlığı, təhsili, inkişafı, onların Azərbaycan adına uğurlu işlər görməsi, layiqli vətəndaş kimi ölkəmizi hər yerdə yüksək səviyyədə təmsil etməsi, intellektli, modern dünya gənci kimi yetişməsində təmənnasız yardım edən İlham müəllimə böyük minnətdarlıq duyaraq xeyirxah əməllərin gözəl örnəyi kimi paylaşmağı özümüzə borc bilirik.
Əminik ki, İlham müəllimin simasında göstərdiyimiz Azərbaycanın ən gözəl gələnəyi olan yardımsevərlik, xeyirxahlıq ənənəsi uğurlu örnək, böyük nümunə olacaq.