İlhamə Quliyevadan dollar şərhi: “Hay-küyə aldanmasınlar, …”

ilhamaquliyeva18“Prezidentimiz heç vaxt imkan verməz ki, onun xalqı əziyyət çəksin, problem yaşasın. İnanıram ki, yaxın zamanda İlham Əliyev ölkəmizin böhrandan çıxması ilə bağlı mühüm tədbirlər planı təsdiqləyəcək. Biz onu gözləyirik”.

Bunu açıqlamasında Xalq artisti İlhamə Quliyeva manatın devalvasiyasına münasibət bildirərkən deyib. Xalq artisti dolların bahalaşmasının tək Azərbaycanın deyil, bütün dünyanın problemi olduğunu deyib: “Neçə gündür ki, insanlar təşviş içərisindədir. Dolların qalxması səs-küyə səbəb olub. Hay-küyə aldanmasınlar, insanlar səbrli olmalıdır, dünyanın axırı deyil ki…

Biz müharibə şəraitində yaşayırıq. Amma baxın görün ki, bizim ölkədə müharibə küləyi əsir? Əsmir. Çünki prezident hər bir şey edir ki, ölkədə müharibə olduğu hiss olunmasın. Biz çox gözəl yaşayırıq. Bu, dünyada olan böhrandır. Devalvasiya da, inflyasiya da, böhran da hər bir dövlət üçün gözləniləndir”.

Xalq artisti insanları səbrli olmağa səsləyib: “Ətrafınızı çaşdırmayın. Əksinə, dövlətimizi müdafiə edin. Mənim öz proqnozlarım var, hər şey əla olacaq. Sıxıntı varsa, onu prezident tezliklə aradan qaldıracaq”.

Sənətçi qeyd edib ki, bu böhranı hamı kimi sənət nümayəndələrini də “vurub”: “Çünki Azərbaycanda hər şey tam dəyişilib. Mənfi bir aura yaranıb. Sənət nümayəndələri vergilərdən çox şikayət edirlər. Mənə bununla bağlı çoxlu müraciətlər olub. Efirdən Vergilər Nazirliyinə müraciət etdim ki, sənət adamlarını sıxışdırmaq olmaz. Sənət adamlarının çörəyi toydan çıxır. Ona görə vergilər azaldılmalıdır. Həmkarlarım üçün lazımi qurumlara müraciət edirəm.Yaxşı olar ki, nazirlik sənət adamlarına güzəşt etsin”.(Aznews)