İlhamə Quliyevaya qoyulan diaqnoz açıqlandı

64272_9qo78n6bifXeyli vaxtdır Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın həkimi müğənniyə qoyulan diaqnozdan danışıb.

Urologiya şöbəsinin həkimi Rəşad Soltan “Tibb qəzeti”nə bildirib ki, İlhamə Quliyeva xəstəxanaya ilk dəfə gətiriləndə müayinələr nəticəsində onun böyrəklərində müəyyən problemlər aşkarlanıb:

“Bir böyrəyinin ölçülərində kiçilmə, digər böyrəyində böyük kista aşkar etdik. Eyni zamanda, başlanğıc mərhələsində böyrək çatışmazlığı diaqnozu qoyuldu. Amma bunlar qorxacaq, təşvişə düşəcək problemlər deyil, yəni müalicəyə tabe olan xəstəliklərdir”.

Həkimin sözlərinə görə, yaxın və uzaq gələcəkdə də İlhamə Quliyeva dializ seansına, böyrəkköçürülmə əməliyyatına məruz qalmayacaq: “Hədəfimiz budur ki, böyrək çatışmazlığını konservativ yolla müalicə edək. Ancaq gələcəkdə ehtiyac olarsa, böyrəkdəki kistanın götürülmə əməliyyatı gündəmə gələ bilər. İndi başlanğıc mərhələsində olan böyrək çatışmazlığının müalicəsini aparırıq. Qısa müddət keçməsinə baxmayaraq, artıq müalicənin effektini görürük”.

Həkim Rəşad Şolan onu da deyib ki, İlhamə Quliyevanın böyrəyinin bu vəziyyətə gəlməsinin bir çox səbəbləri ola bilər:

“Ancaq konkret səbəb göstərmək düzgün deyil. Diabet, xroniki infeksiya və s. mümkün faktorlardandır. Hazırda biz səbəbləri araşdırmırıq, diaqnozu təsbit etmişik, bu istiqamətdə müalicə aparırıq və ümid edirik ki, yaxın zamanda böyrəkləri normal vəziyyətinə gətirəcəyik. Artıq nəticələr də var. Bir sözlə, ciddi, təşvişə düşəcək hər hansı bir problem yoxdur. İlhamə xanım özü də bunları təsdiq edə bilər”(modern)