“İlin ən fəal diaspor sədri” sorğusunun qalibləri mükafatlandırıldı – Yenicag.Az

Reklam

Reklam

“İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Yeniçag.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Avropadan, Türkiyədən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən diaspor liderləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media rəhbərləri və diaspor fəaliyyəti ilə məşğul olan digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADİM rəhbəri Toğrul Allahverdili sorğunun keçirilməsinin mahiyyətindən danışıb. O, Azərbaycan diasporunun bugünki dövrdə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, bundan da böyük uğurlara imza atmaq üçün diaspor təşkilatları birlik nümayiş etdirməlidir.

Daha sonra tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasiminin olduqca əhəmiyyətli bir tədbir olduğunu vurğulayıb: “Bu gün bu tədbirin əhəmiyyəti olduqca böyükdür. Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənəsi bu gün də davam etdirilir. Bilirsiz ki, Azərbaycan bu gün idman sahəsində də dünyanın inkişaf etmiş ölkələri arasındadır. Eləcə də, bu gün Azərbaycanı xaricdə təmsil edən diaspor nümayəndələri də fəxr etməlidir. Hesab edirən ki, bu böyük bir şərəfdir. Mən deputat kimi xaricdə hər dəfə iştirak etdiyim tədbirlərdə diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlılarla görüşməyə can atmışam. Düşünürəm ki, belə tədbirlər tez-tez keçirilməlidir. Qoy, azərbaycanlılar fikirlərini bir-biri ilə bölüşsünlər. Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycan da gündən-günə bundan da sonra inkişaf edəcək”.

Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarının böyük rolu var: “Bunu hamımız bilirik. Dövlətin də bu sahədə proqramları mövcuddur. Azərbaycanın ən önəmli məsələlərindın biri də Qarabağ məsələsidir. Ona görə də diaspor təşkilatları fəaliyyətini bu istiqamətdə daha da artırmalıdırlar. Mən bilirəm ki, Azərbaycandan kənarda bu işin öhdəsindən gəlmək sadəcə vətənpərvərlik tələb edir. Ona görə də bizim bir-birimizin əlindən tutmaqla birləşməyimiz ən vacib məsələlərdən biridir. Azərbaycanımızı və ümumiyyətlə, türk dünyasını güclənirə bilərik. Bu güclənmə bir-birimizin ayağın altını qazmaqla, tapdalamaqla əmələ gəlməyəcək. Biz ona görə də birləşməliyik. Birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, bu sorğu bir yarış deyil. Bu, bir dəstəkdir. Mən fürsətdən istifadə edib sorğuda iştirak edən bütün diaspor nümayəndələrini təbrik edirəm”.

Tədbirdə çıxış edən “Yeniçağ” Media Qrupun rəhbəri Aqil Ələsgər Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətindən söz açıb. O, eyni zamanda, sorğunun keçirilməsində rolu olanlara öz təşəkkürünü bildirib. A.Ələsgər qeyd edib ki, sorğu diaspor nümayəndələri arasında bir yarış xarakteri daşısa da, əslində, onun böyük əhəmiyyət kəsb etdiyi göz önündədir.

Türkiyəli iş adamı Hüseyn Böyükfırat Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:
“Ölkələrimiz arasında sərhəd ola bilər, lakin bizim bizim bir millət olaraq aramızda heç aman sərhəd olmayıb. Çünki bizim eyni millət olaraq bir-birimizə sevgimiz var. Bunu 1918-ci ildə əcdadlarımız da sübut edib, biz də bu gün onların ənənələrini davam etdiririk. Təbii ki, bu gün dünyada sərhədlər yenidən müəyyən edilir, bizim də ölkələrimizin problemləri var. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu məsələdə dövlətimizin yanında olmalıyıq”.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da çıxış edib. O, bu gün Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarından söz açıb. Qeyd edib ki, həmin təşkilatlar fəaliyyət göstərdiyi müddət ərzində ciddi tədbirlər görüb:

“Bu gün bütün Avropa ölkəsində AAK-ın təmsilçiliyi var. Artıq biz diaspora fəaliyyətilə nəinki Ermənistana qarşı mübarizə aparırıq, lobbiçilik istiqamətində də ciddi addımlar atırıq. Bəzi Avropa ölkələrində fəaliyyət göstərən, bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən azərbaycanlıların da fəaliyyətinə qarşı tədbirlərimizi davam etdiririk”.

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov çıxışı zamanı maraqlı məqamlara toxunub. O bildirib ki, diaspora fəaliyyəti ilə məşğul olmaq üçün vətənpərvərlik, könüllülük prinsipi əsasdır:

“Bu gün dövlət səviyyəsində diasporun fəaliyyətinə dəstək var. Bu dəstək Ulu Öndər Heydər Əliyevin zamanından indiki Prezident İlham Əliyevə qədər davam edir. Prezidentin diaspora nümayəndələri ilə keçirdiyi qurultayda çıxışı zamanı dediyi tənqidlərdən nəticə çıxartsaq, uğurlar əldə edə bilərik”.

Tədbirin sonunda dünyanın 15-dən çox ölkəsində diaspor fəaliyyəti ilə məşğul olan diaspor nümayəndələrinin mükafatlandırılma mərasimi keçirilib. Belə ki, “İlin ən fəal diaspor sədri” sorğusunun Avropa kateqoriyası üzrə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib. MDB kateqoriyası üzrə isə Ulyanovskidə Azərbaycan diasporunun sədri İslam Hüseynov “İlin ən fəal diaspor sədri” seçilib.

Eyni zamanda, mərasimdə diaspor fəaliyyətini KİV-də yaxından işıqlandıran media nümayəndələri də Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) tərəfindən təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Diasporu İnformasiya Mərkəzi və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusuna“Hilal” İctimai Birliyi və “Lombard N1” dəstək verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 915
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."