“ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin sədri, multimilyarder İlon Maşkın Ukraynaya yönəlik fikirləri insanlıqdan və ədalətdən kənar fikirlərdir. Ukraynanın bu şəkildə təzyiqlərə məruz qalması satqınlıqdan başqa bir şey deyil. Mask özünü həddən artıq tərbiyəsiz və siyasi etikadan kənar aparır”.
Bunu Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin sədri, multimilyarder İlon Maskın Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Starlink” peykləri ilə bağlı “X” platformasındakı paylaşımına münasibət bildirib.
Sikorski bildirib edib ki, “Starlink” peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, “SpaceX” etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq. Mask isə cavabında ona “kəs səsini, kiçik adam! Siz xərcin yalnız bir hissəsini ödəyirsiniz. “Starlink”in əvəzi yoxdur. Onu bağlasam, Ukrayna ön cəbhələri çökər” deyə vurğulayıb.
Prosesləri şərh edən A. Qasımov isə əmindir ki, Ukrayna onsuz da Rusiya qarşısında zəif durumdadır:
“Onun daha da zəiflədilməsi isə beynəlxalq nizamın tamamilə çökməsinə gətirib çıxaracaq. Amma Maskın bu hərəkətləri əslində zəiflik əlamətidir. İnsan güclü olduqca, mərhəmətli olmalıdır. Əks hərəkət isə insan psixologiyasının xəstə təfəkkürə malik olduğunu göstərir. Hesab edirəm ki, Ukrayna həm özünün, həm də Avropa ölkələrinin dəstəyi ilə bu açığı qapada bilər. Fikrimcə, sağlam düşüncə İlon Mask kimi xəstə insanların üzərində qalib gələcək”.
Rafi Müslümov