İcra başçısının küçə ticarətindən aylıq “gəlir”i nə qədərdir?
Suraxanı rayonu ilə bağlı AZERİNFO.ORG-a şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbəsində qeyri qanuni küçə ticarətinin inkşafının bir başa günahkarı rayon icra hakimyyətidir.
Belə ki, icra başçısı İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə “yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Surxanı rayonu ərazisində 400 yaxın qeyri-qanuni küçə ticarəti mövcuddur.
İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq “haqq” alır. O da qeyd olunur ki, Suraxanı rayon polis idarəsinin keçmiş rəisi Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: “Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsada, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”.
İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur.
Lakin icra başçısının aylıq “gəlir”i bununla məhdudlaşmır: “İlqar Abbasovun qazanclı qəsəbələrindən biri də Qaraçuxur qəsəbəsidir. Bu qəsəbədə bələdiyyə sədri Tahir Məmmədov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Mənbəmiz bildirir ki, son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb. Bundan başqa Hövsan qəsəbəsində “konesni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 1500-2000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun münasibətini öyrənmək istəsək də, köməkçisi eyni cavabı verdi: “Müəllim məşğuldur. Sonra əlaqə saxlayın”.