İmamoğlu niyə HƏBS EDİLDİ? – “HDP-nin davamçısı olan DEM Partiyası ilə qurduğu əməkdaşlığa qarşı…”

“Türkiyədə prezident seçkiləri həmişə gərgin keçib. Ancaq bəlkə də ən çətin seçkilərdən biri qarşıdakı dövrdə baş verəcək. Hakimiyyətin 25 illik idarəçiliyinin yaratdığı yorğunluq iqtidarı ciddi sınaq qarşısında qoyur. Digər tərəfdən, 2023-cü ildə keçirilən prezident seçkilərində az fərqlə məğlub olan Cümhuriyyət Xalq Partiyası (CHP) 2028-ci il seçkiləri üçün artıq namizəd müəyyənləşdirmə təzyiqi altındadır”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi fonunda Türkiyə cərəyan edən hadisələri və siyasi mənzərəni şərh edib.

Onun sözlərinə görə. bu, CHP üçün ciddi strateji səhv hesab edilir:

“Çünki seçki prosesi rəsmi olaraq başlamamışkən, Türkiyə siyasi gündəminə prezident seçkilərinin gətirilməsi iqtidar tərəfindən birmənalı qarşılanmamışdı. Bu kontekstdə diqqət İstanbul Böyükşəhər Bələdiyyə başqanı Ekrem İmamoğluya yönəldi. Onun keçmişi araşdırılmağa başlanıldı və nəticədə universitet diplomu ləğv edildi”.

O, bildirib ki, sözügedən qərar müxalifət dairələrində hüquqi deyil, siyasi xarakterli addım kimi qiymətləndirilir:

“Xüsusilə, İmamoğlunun diplomunun etibarsız sayılması siyasi qarşıdurmanın bir parçası kimi görülür. İmamoğlunun təhsil aldığı universitet o dönəmdə Kipr iqtisadiyyatını dəstəkləmək üçün qurulmuşdu və həmin illərdə yüzlərlə insan bu cür universitetlərdən Türkiyənin digər ali təhsil ocaqlarına köçürüldü. O dövrdə qanuni olan bu praktikanın indi hüquqi problem kimi təqdim edilməsi İstanbul Universitetinin səhv qərarı kimi dəyərləndirilir. Odur ki, hüququn əsas prinsiplərindən biri – geriyə doğru tətbiq olunmaması – burada pozulub”.

H. Oktay bəyan edib ki bu hadisə təkcə İmamoğlunun siyasi karyerasına deyil, həm də onun bələdiyyə başqanlığı dövründə HDP-nin davamçısı olan DEM Partiyası ilə qurduğu əməkdaşlığa qarşı bir həmlə kimi dəyərləndirilir:

“Bundan sonrakı mərhələdə İmamoğlunun siyasi gələcəyi sual altına düşüb. O, Ərdoğan kimi hüquqi maneələri aşaraq prezidentliyə gedə biləcəkmi, bunu kimsə bilmir. Keçmiş CHP lideri Kamal Kılıçdaroğluna qarşı apardığı mübarizə nəticəsində partiya rəhbərliyində mövqeyini möhkəmlədən İmamoğlu indi məhkəmə ilə üzləşir. Baş verənlər onun karyerasını təhlükəyə atsa da, bu proseslər Türkiyə siyasətində ciddi müzakirələrə səbəb olub. Gələcəkdə məhkəmə qərarlarının necə olacağı və İmamoğlunun siyasi arenada mövqeyini qoruyub-qoruyamayacağı sual altındadır. Lakin bir şey aydındır ki, Türkiyədə növbəti prezident seçkiləri əvvəlkindən də gərgin keçəcək”.

Rafi Müslümov