Reklam: High Technic
hightechnic

İmsak və iftar menyusu necə olmalıdır?

Ramazan ayı müsəlmanların həyatında əhəmiyyətli bir yer tutur. İnsanlar bütün günü yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət göstərirlər.

Sahur normal nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanır. Belə demək mümkünsə, Ramazan ayında insanların qidalanma vərdişlərində də bəzi dəyişikliklər yaranır. Diyetoloqların məsləhətinə görə, fərqli qidalanma rejiminə keçən orqanizmi Ramazan ayında yükləmək, bütün günü boş olan mədəyə birnəfəsə həddən artıq yemək qəbul etmək olmaz. Bu cür qidalanma hətta sağlam insanlarda belə zaman-zaman həzm problemləri yaradır, mədə və bağırsaqlarda həddindən artıq qaz yığılmasına, qəfil təzyiq yüksəlməsinə və digər narahatlıqlara səbəb olur. İftarda xəmir yaməklərin və şirniyyatın qəbulu insanı kökəldir.

Qeyd edək ki, sahura qalxmaq mütləqdir. Çünki sahurda qəbul edilən qida insanın gün ərzində yaxşı əhval-ruhiyyədə işləməyə bilməsi üçün çox vacibdir.

Sahurda mütləq ya yüngül bir nahar edilməli, ya da şorba, azyağlı tərəvəz, zeytunyağlı yeməklərdən ibarət olan bir pay yemək seçilməlidir. Gün ərzində çox maye itirildiyi üçün maye tarazlığının təşkili çox əhəmiyyətlidir.

Oruc müddətinin ağır tərəfindən biri də bütün günü boş olan mədənin iftarda doldurulmasıdır. Məhz bu halda mədə və ürək problemləri ortaya çıxır. Bunun qarşısını almaq üçün iftarda yavaş-yavaş və az miqdarda yemək yeyilməlidir.
Ramazanda oruc tutarkən qidalanmağa çox diqqət göstərilməli, yağlı yeməklərdən uzaq durulmalıdır. Yeyilən yeməklərin ağır olmamasına, azyağlı, buxarda bişirilmiş yeməklərin seçilməsinə, az və tez-tez yeməyə diqqət yetirilməlidir.

Mədənizi qoruyun

Ramazan ayında ən sıx rast gəlinən problemlər mədə turşusunun yemək borusuna sıçraması, köp və qəbizlikdir. Qəhvə, kakao, şokolad kimi həddindən artıq kafein qəbulundan çəkinmək, yeməyi yeyər-yeməz uzanmaq olmaz.

Qəbizlik problemi olanlar isə lifli qidaları daha çox yeməlidir. İftar menyusunda ən çox meyvə-tərəvəzə və suya üstünlük verin.

Oruc, bəzən arıqlamaq üçün bir alternativ olaraq qiymətləndirilir. Bu, səhv bir düşüncədir. Gün boyu ac qalmaq maddələr mübadiləsini yavaşladır və bu, xüsusilə Ramazanın ikinci yarısından etibarən, əksinə, arıqlamanı çətinləşdirir.

www.yenicag.az

1564