“İmtahan həyəcanına necə qalib gəlməli?” – Psixoloqdan çıxış yolları

May ayı yaz fəslinin sonuncu ayı olmaqla yanaşı, həm də minlərlə gəncin həyəcanla gözlədiyi ərəfədir. Çünki qarşıdan qəbul imtahanları gəlir. Cəmi 3 gün sonra II və III ixtisas qrupu üzrə 50-minə yaxın tələbə öz biliklərini sınayacaqlar.

Həyəcan, təşviş, narahatlıq… Bunlar öz yerində … Psixoloji gərginlikləri də nəzərə alsaq, imtahan ərəfəsini insan ömrünün ən gərgin dövrlərindən biri adlandıra bilərik. Bəs imtahan həyəcanını necə yenməli? Nə etməli? Suallara “Müasir Psixologiya Mərkəzi”nin rəhbəri, klinik-psixoloq Aidə Sübhan çox maralıq cavablar verir:

“ İmtahan zamanı abituriyent yalnız bilik və bacarığını nümayiş etdirmir, o həm də psixoloji baxımdan da özünü səfərbər etməlidir. Bu keyfiyyətlərə sahib olmaq isə müəllimlər, valideynlər, psixoloqlar tərəfindən uzunmüddətli hazırlıq prosesi tələb edir.

Ən vacib məqam olaraq qeyd edim ki, abituriyentlərə imtahandan əvvəl valideynlər tərəfindən psixoloji dəstək göstərilməsi çox vacibdir. Əslində, təkcə övladlar imtahan vermirlər, onlarla bərabər valideynlər də imtahan verirlər. Təhsil, hazırlıq illəri ərzində valideyn övladının təhsili ilə yaxından maraqlanır və elə vəziyyət yaranır ki, valideyn özünü imtahanın içində hiss edir.
Bu məqamda valideynlərə demək istəyirəm ki, imtahanqabağı mümkün qədər övladlarının dərslərini azaltsınlar. Beyni yormaq olmaz. Yuxu saatına diqqət edilməli, imtahana yaxın bir neçə gündə isə yuxu vaxtını 1 saat artırmaq lazımdır. Təmiz havada gəzin, bol oksigen qəbul edin. Hətta dəniz kənarında vaxt keçirmək ən gözəl meditasiyadır. Yuxudan öncə axşam yürüyüşü etmək də öz faydasını göstərəcəkdir. Axşam gəzintisi yuxunu sağlam və möhkəm edəcək ki, bu da beyinin dincələrək öz qüvvəsini bərpa etməsinə kömək edir.

Son olaraq bunu qeyd etmək istərdim ki, imtahan sonrası yüksək nəticə əldə edə bilməyən, valideynlərinin gözləntilərini qarşılaya bilməyən uşaqlarda depressiv vəziyyətlər yarana bilir. Bütün bunların üzərinə valideyn təzyiqi, “başqaları nə deyər?” fikri də əlavə olunduqda heç kimə sirr deyil ki, çox təəssüflər olsun ki, xoşagəlməz hallar baş verir və intihar xəbərləri eşidirik. Belə hallar son dövrlər cəmiyyətdə, xüsusilə abituriyentlərdə təsadüf olunur. Bu da öz növbəsində çox acınacaqlı haldır, hətta bir ailənin faciəsidir. Bu zaman valideynlər uşağın psixoloji vəziyyətini nəzərə alıb, aqressiyalarını bir kənara qoyub səbirlə davranmalı və bu çətin dönəmdə övladına dəstək olmalı, onun həyatı, gələcəyi ilə bağlı gözəl şeylərdən bəhs etməlidirlər. Unutmayaq ki, insan həyatının ən ağır imtahanı həyatın özüdür. Çalışaq ki, bu imtahandan üzüağ çıxaq.

COP29