“Həyat imtahandır”, deyirlər. Bu imtahandan hərə bir cür çıxır. Amma bir imtahan da var ki, onun həyəcanını demək olar ki, hər kəs yaşayır.
Bu, sınaq və qəbul imtahanlarıdır. Nəzərə alsaq ki, yanvar ayı sona çatır, bu da o deməkdir ki, abituriyentlərin həyəcanlı anları yaxınlaşır. Bəs imtahan həyəcanını necə dəf etməli? Pozitiv Təlim və Psixologiya Mərkəzinin rəhbəri Nəsibə Tağıyeva çox maraqlı və effektiv çıxış yolları göstərir:
“ İmtahan həyəcanı neqativ düşüncələrlə bağlı stress və həyəcan faktorudur. “Mən bunu bacarmaram, ailənin və yaxud yaxınlarımın üzünə necə baxaram”, ya da “mən bu imtahandan keçməsəm həyatım puç olacaq” kimi fikirlər yeniyetmələrdə imtahan kəlməsini dəhşətli bir anlama çevirir. İmtahan onlar üçün qorxuducu, həyatlarını puç edəcək bir təsirə malik formada əks olunur. Bu da təbii ki, onlarda neqativ düşüncülər, neqativ duyğular, həyəcan, qorxu, narahatlıq və panik əlamətləri ilə müşahidə edilir.
Bunun qarşısını necə almalı? Deyim ki, ən çox narahat olunan məqam bilinməyən, məchul bir şey üçündür. Təsvirini verə, fikrimizdə canlandıra bilmədiyimiz anlarda həyəcan və narahatlıq gəlir. Bu istiqamətdə təsvirdə canlandırma çox böyük effektiv rol oynayır. Bunun üçün gənclər ilk əvvəldən imtahanda nə edəcəklərini addım-addım beyinlərində canlandırmalıdırlar. Və bu sıralanma belə olmalıdır: imtahana gedəcəm, ilk bunu edəcəm, ilk hansı fənn məni rahatladırsa, ondan başlayacam və s. Təsvir anbaan olmalıdır. Canlandırma mütəmadi şəkildə olduqda artıq imtahana girdikdə davranışlar insanı situasıyadan çıxaracaq vəziyyətdə olur. Yəni təsvir reallaşdıqda panik əlamətlərin qarşısını alır.
Ən əsası, imtahana gedən yeniyetmə valideynləri, yaxınları tərəfindən dəstəklənməlidir. “Biz sənə inanırıq, güvənirik”, kimi cümlələr də insanın motivasiyasında çox böyük bir rol oynayır. Unutmayaq: imtahan həyəcanı böyük təsir gücünə malik olsa da bu, hər şey demək deyil. Həyatda addımlamaq, arzulara doğru getmək heç vaxt gec deyil. Əsas istəkdir.