İmtahan nəticələri nə vaxt elan olunacaq?

10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253000-dən çox yazı işi yerinə yetiriblər.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, hazırda DİM-də bu yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.

Hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanır. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim olunmuş yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb. Qarşıdakı 4 gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirlərinin hər tapşırıq üzrə kəsilib ayrılması, yoxlama prosesi üçün bütün zəruri materialların elektron bazaya daxil edilməsi, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlərin müəyyən edilməsi, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq.

Bundan sonra yazı işlərinin yoxlanılması prosesi online (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər. Hər bir yazı işi proqram tərəfindən təsadüfi seçilmiş ən azı 2 marker (2 markerin verdiyi qiymətlər üst-üstə düşmədiyi halda iş proqram tərəfindən üçüncü markerə göndərilir) tərəfindən qiymətləndiriləcək.

İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan edilməsi nəzərdə tutulur.