Hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur.
AGAT Sədri Maryam Tağıyeva-Zeynalova Yenicag.az-a bildirib ki, bu münasibət ilə AGAT “İncəsənət Terapiyası Saatı” adlı sosial layihəyə start verəcək.
“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının bu tədbiri keçirməsində məqsəd əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Habelə əlilliyi olan şəxslərin asudə vaxtının səmərəliliyinin artırılması, onların yaradıcılıq potensialına dəstək və qabiliyyətlərinin inkişaf edilməsidir.
Layihə zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin səfiri, psixoloq Ayan İsmayılova iştirakçılara mövzu ilə bağlı təlim keçəcək. Bundan başqa onların yaradıcılıq potensialının üzə çıxarılması məqsədi ilə xüsusi seminar da təşkil olunacaq. Burada iştirakçılara boyalar və digər materiallar ilə stress və zehni təziqi aradan qaldırmağın sirrləri öyrədiləcək”, – sədr qeyd edib.
Tarix: 7 dekabr saat 12:00 Məkan: “Evrika” Liseyi, Əhməd Rəcəbli, 1/25 (Nəriman Nərimanov m/s yaxınlığında)