“İndi Rusiya qoşunları Azərbaycan kimi Qazaxıstana da yük oldu, amma…” – ŞƏRH

“Qazaxıstanda proseslər hələ tam yekunlaşmadığı üçün qəti nəticənin nədən ibarət olacağını söyləmək çətindir”.

Bu fikirləri Qazaxıstanda cərəyan edən son proseslərin Türk birliyinə ciddi zərbə vurması haqda fikirlərə münasibət bildirən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rusiyanın Qazaxıstandakı həmləsi ilə Türk birliyinin göyə sovrulduğunu düşünmək yanlışdır:

“Qazaxıstanda baş verən son proseslərin Türk birliyinə ciddi zərbə olduğu və inteqrasiya prosesini neçə il geri atdığına dair rəyləri bölüşmürəm. Ortada idarəetmənin Rusiya modeli və həmin modeldən imtina etməyən postsovet ölkələri mövcuddur. Onların arasında Orta Asiya dövlətləri və Azərbaycan da var.

Əslində, Rusiyanın Qazaxıstandakı bu həmləsi digər Türk dövlətlərinin önləyici tədbirlər görməsi və Moskvanın qurduğu oyunlardan çıxması üçün böyük dərsdir. Digər tərəfdən, Qazaxıstanda proseslər hələ tam yekunlaşmadığı üçün qəti nəticənin nədən ibarət olacağını söyləmək çətindir. Yəni orada vəziyyət hələ çox mürəkkəbdir.

Qazaxıstanda yaşananları avtoritar idarəetmə nəticəsində yaranan “irin kisəsi”nin partlamasına bənzətmək olar. Bu kimi situasiyalara hər zaman hazır olan Rusiya da vəziyyətdən istifadə etdi.

Məncə, bu prosesin bir sonu olacaq və Qazaxıstan demokratikləşəcək. Eyni zamanda, Rusiya qoşunlarının ölkədən çıxarılması məsələsi gündəmə gələcək. Həqiqətən, Rusiya qoşunları Azərbaycan kimi Qazaxıstana da yük oldu.

Ancaq bütün hallarda “Rusiya bir zərbə ilə Türk birliyini göyə sovurdu” kimi yanaşmaların səhv olduğunu düşünürəm. Türk birliyi dönməz prosesə çevrilib. Sadəcə, dünyada çox ağır proseslər gedir və bu gedişatda zərbənin biri də Türk dünyasının bir hissəsinə dəydi. Amma o zərbə Türk birliyini sarsıda bilməz. Mən bu barədə nikbin düşüncədəyəm”.

A.Zeynalov