“Yeni sima məsələsində cəmiyyətin müəyyən görüşləri və gözləntiləri var”
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini səsləndirən 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürən Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, təbliğat-təşviqat kampaniyası fərqli üsullarla davam edir.
“Namizədlər ümumi standartlara uyğun olaraq addım atırlar. Siyasi iradə və siyasi reallıq tərəfində dayandığımız siyasi dünya görüşünə təsir edir. Bu mənada hazırda daha çox sosial media imkanları üzərindən geniş fəaliyyət proqramı reallaşdırmaqdayıq.
Sosial mediada başqa bölgələrdən fərqli olaraq Gədəbəy cameəsi geniş şəkildə icmalar formasında təmsil olunmaqdadır. Ucqarlarda inkişaf məsələsini müzakirəyə çıxardıq və çoxsaylı izlənmə alan videoproqram gerçəkləşdirdik.
Yeni sima məsələsində cəmiyyətin müəyyən görüşləri və gözləntiləri var. İndiki seçimləri digərlərindən fərqləndirən məqam insanların bölgələrdə seçkilərə yeni tələblərlə baxmasıdır. Komandamızın gətirdiyi yeni seçki marağı gözləntilərin formalaşmasına imkan verir. Bu yola Prezident İlham Əliyevin yeni dövr siyasi baxışları əsasında gəlmişik”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli