“İndiki vəziyyətdə hökumətin devalvasiyaya getməməsi doğru seçimdir” – Nazim Bəydəmirli

“Səudiyyə Ərəbistanı və digər ölkələrdə neftin maya dəyəri 5-6 dollar olduğu halda, bizdə niyə 15 dollardır?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında neftin kəskin ucuzlaşması fonunda hökumətin manatın məzənnəsini hələ də administrativ yollarla qoruyub saxlamasının nə dərəcədə optimal olduğunu şərh edən keçmiş millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirli bildirib ki, hökümətin indiki vəziyyətdə devalvasiyaya getməməsi doğru addımdır:

“İndiki vəziyyətdə devalvasiyanın qaçılmaz olduğunu təbliğ edirsə, bu, yalnış düşüncədir. Çünki idxaldan asılı olan ölkələrdə devalvasiyanın baş verməsi, əslində, sosial partlayış deməkdir.

Xaricdən kifayət qədər böyük həcmdə ərzaq məhsulları alırıq. O məhsulların bəzilərinin idxal payı 70-90 faiz həddindədir. Yəni ölkə idxaldan bu qədər asılı vəziyyətdədirsə, devalvasiya baş verərsə, daxili bazarda kəskin bahalaşma olacaq.

İndiki şəraitdə hökumətin hiperinfilyasiyaya gedərək, daha çox manat xərcləməsi ən optimal yoldur. Bilmək lazımdır ki, manatın arxasında normal istehsalat durmursa, bu da inflyasiyanı xeyli artıracaq.

Əgər əsas istehlak məhsullarının 70-80 faizi özümüzdə istehsal olunsaydı, mən də indi devalvasiyanın zəruriliyini bəyan edərdim. Hesab edirəm ki, indiki zamanda hökumət bu məsələdə daha doğru yol tutub.

Başqa vaxtda manatın məzənnəsinin süni şəkildə saxlanmasının tərəfdarı deyiləm. Ancaq indiki vəziyyətdə devalvasiyaya getmək əhalinin böyük hissəsinə ağır zərbə olar. Yəni maaşımızla indikindən daha az məhsul almağa məcbur olacağıq.

Ona görə də, hökümət daxili istehsalı ciddi şəkildə stimullaşdırmaq üzərində düşünməlidir. Dövlət biz vətəndaşları təşviq etməli, biznes adamlarına əlverişli şərtlərlə vəsait ayırmalıdır ki, ölkədə istehsalın həcmi artsın, torpaqlar əkilib-becərilsin. Bununla da daxili istehsal hesabına özümüzü, heç olmasa, ərzaq məhsulları ilə təmin edə bilək.

Təbii ki, bu işləri qısa müddətdə həyata keçirmək mümkün olmayacaq. Əvvəlki illərdə neftdən gələn asan gəlirlər hökuməti tənbəlləşdirdi, zəruri islahatlar aparılmadı. Vaxtında görülməyən işləri indi bir neçə aya həll etmək mümkün deyil. Bütün hallarda əhalini qorumaq hökumətin birbaşa vəzifəsidir”.

Sabiq millət vəkili manatın indiki kursunun hansı müddətə qədər qoruyub saxlamağın mümkünlüyü haqda bunları deyib:

“Məsələ heç də neftin qiymətinin 20-30 dollar olmasında deyil. Azərbaycanda korrupsiyanın nəticəsində neftin maya dəyəri çox şişirdilib. Səudiyyə Ərəbistanı və digər ölkələrdə neftin maya dəyəri 5-6 dollar olduğu halda, bizdə niyə 15 dollardır? Bunu araşdırmaq lazımdır.

Neftin özünün qiymətindən daha önəmli məsələ onun maya dəyəridir. Müxtəlif yollarla, müxtəlif proksişirkətlər vasitəsilə 3-4 milyard manat dəyərində daxili satınalmalar həyata keçirilir. O məhsulların da qiyməti xeyli şişirdilir.

Bizim ölkə olaraq problemimiz dövlət büdcəsindən mənimsəmələrə yol verilməsi, və dövlət şirkətlərinin xərcələrinin süni şəkildə şişirdilməsidir. Hökumət bu neqativ halları aradan qaldırmalıdır. Yeri gəlmişkən, 2015-ci ildə baş vermiş hər iki devalvasiya süni idi. O vaxt Mərkəzi Bank hökumətin təzyiqi altında bu addımı atdı. Bunun zərbəsi isə xalqa dəydi”.

Bəydəmirli hesab edir ki, koronavirus pandemiyası və neftin ucuzlaşması iqtisadiyyatın inkişaf etdirilməsi üçün hökumətə ciddi fürsət qazandırıb:

“Əlavə Dəyər Vergisinin (ƏDV) dinamikasına baxsaq, ölkədə cari il üçün idxaldan daxil olacaq ƏDV-nin həcmi 2 milyard manat həddində proqnozlaşdırılıb. Ölkə daxilində toplanılacaq ƏDV-nin məbləği isə bundan aşağıdır.

Son 5 il ərzində idxaldan daxil olan ƏDV-nin məbləği 2,5 dəfə artıb. Daxili istehsalda isə ƏDV 5 faiz həcmində azalıb. Bu o deməkdir ki, bizim ölkənin istehlakçıları xarici ölkələrin iqtisadiyyatına daha çox töhfə verirlər.

Gömrük orqanları onların qarşısına qoyulan vəzifələri yerinə yetirməyib və daxili istehsalı stimullaşdıra bilməyib. Ona görə də, bir daha deyirəm, Gömrük Komitəsi ləğv olunmalı və onun funksiyaları xidmət formasına salınaraq, vergilər xidmətinə birləşdirilməlidir.

Hökumətin strukturu Gürcüstan modelində olduğu kimi, kiçildilməlidir. Azərbaycan hökuməti tərkibinin genişliyinə görə dünyanın bütün ölkələrindən irəlidədir. Son zamanlar yaradılan dövlət şirkətləri və agentliklərinin sayı da xeyli artıb. Bu isə ölkə iqtisadiyyatına əlavə yükdür. Dövlətin xərclərinin azalması üçün hökumətin kiçildilməsi zəruridir.

Eyni zamanda, iqtisadi fəaliyyət stimullaşdırmalıdır. İqtisadiyyatın əsas qüvvəsi olan özəl sektorda rəqabətli mühit yaradılmalıdır. Bunun üçün maliyyə resurslarının əlçatan və aşağı faizlərlə olması başlıca şərtdir.

Bu istiqamətdə kompleks tədbirlər həyata keçirilərsə, daxili istehsalı daha ciddi şəkildə stimullaşdırmaq olar. Hesab edirəm ki, hökumət pandemiya və neftin ucuzlaşmasını fürsətə çevirərək, bu məsələlərlə ciddi məşğul olmalıdır”.

Səxavət Məmməd