İnəyin öd daşı 50 manata satılır: Nədə istifadə olunur?

Son zamanlar qəssablar inək və qoyunların ödündən çıxan daşların bəzi şəxslər tərəfindən qramının 50 manatdan alınmasına dair xəbərlər yayırlar.

Qəssab Ramin Məmmədov Lent.az-a verdiyi açıqlamada bildirib ki, bu məsələdən təzə xəbərdar olub.

“Əvvəllər kəsilmiş heyvanın ödünü bütövlükdə çıxarıb atırdıq. İndi eşitmişik ki, öd daşlarını alırlar. Bir neçə dəfə satmışam. Bir qramını 50 manatdan alırlar. Hətta Sumqayıtda inəkdən çıxan öd daşına 70 manat təklif edən də oldu. Eşitdiyimə görə, ondan dərman hazırlayırlar. Bəzən gəlib qəssablardan bütöv öd alanlar da olur “, – deyə qəssab qeyd edib.

Həkim Sevinc Qurbanova bildirib ki, bu daşlardan xalq təbabətində, türkəçarələrdə istifadə edilib.

“Əsasən öd daşlarını keçmişdə maral buynuzu, camış buynuzu ilə birgə istifadə edərdilər. Xalq arasında onun antioksidant xarakterinə inanır, sarılıq, şəkər, dəri xəstəliklərinə çarə olduğunu düşünürdülər. Öddə olan bilirubinin çox güclü antioksidant təsiri olduğu bildirilir və bu daşlardan ürək, qaraciyər, hepatit, xərçəng və qızdırmanın müalicəsində super vasitə kimi istifadə olunur. Mən heç bir halda həkim məsləhəti olmadan belə vasitələrdən istifadəni tövsiyə etmirəm”, – o bildirib.

Baytar həkimi Əlinağı Məlikov isə bildirib ki, belə daşlar ancaq xəstə və qoca heyvanlarda əmələ gəlir. O, özü infeksiya mənbəyi olan bir daşın insana fayda verə biləcəyini düşünmədiyini deyib.

COP29