İnformasiya müharibəsində necə qələbə çalmalı? – Şərh

Azərbaycan mediası bir çox məqamlarda – peşakarlıq, informasiyanın xarici dildə çatdırılması, paylaşılması, nüfuzlu agentliklərə ötürülməsi – kimi məsələlərdə xeyli geri qalırdı. İndi demək olar kı, artıq hər iki tərəf eynidir.

İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunur.

İnformasiya müharibəsi insanların şüurları uğrunda aparılan bir müharibədir. Burada silah yox, qələm söz sahibidir.  Düzgün qurulmuş siyasət nəticəsində qələbə çalmaq mümkündür. İnformasiya texnologiyalarının inkişafı bu müharibənin  aparılma üsullarına və miqyasına böyük təsir göstərir.  Erməni tərəfi illərdi ki,  Qarabağın erməni torpaqları olması barədə dünya ictimaiyyətinə yanlış məlumatlar verir. Təbii ki, dünyanın bir çox media orqanlarında ermənilərə yaxın olan qruplar bu işdə onlara dəstək olurlar.

İnformasiya müharibəsinə bilavasitə dövlətlər arasında olan ikitərəfli münasibətlər təsir edir.  Aprelin 1- 4 arasında cəbhədə baş verən olaylar bunu bir daha təsdiq  etdi. Hər bir dövlətin informasiya məkanını istiqamətləndirən onun hakimiyyətidir. Deməli, informasiya müharibəsində qalib gəlmək üçün ayrı – ayrı ölkələrin siyasi elitaları ilə vacib işlər görmək lazımdır.

Cəbhə xəttində Ermənistan təxribatının qarşısını alan Azərbaycan ordusunun uğurlu əks-hücum həmlələri son bir neçə həftədə bütün ictimaiyyətin fikrini cəbhə bölgəsinə yönəltmişdir. Hamıya məlumdur ki, XXI əsrdə  dünya ictimaiyyətində düşmənlə əsaslı mübarizə aparmaq üçün informasiya müharibəsində də qalib gəlmək əsas istiqamətlərdən biridir. Cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur.

Xarici medianın Azərbaycana mənfi münasibətinə qarşı diaspora təşkilatlarımız ciddi işlər görməlidirlər. Ön cəbhədə gedən döyüşlərlə bərabər arxa cəbhədə informasiya müharibəsinin hadisələrin gedişatına bilavasitə təsiri var. İndiki vəziyyətdə daha çox Rusiyada və digər böyük dövlətlərdə ermənipərəst ictimaiyyət nümayəndələrinin Azərbaycana mənfi münasibətinə qarşı diaspora təşkilatlarımız daha da hazırlıqlı olmalıdırlar. Lakin unutmaq olmaz kı, informasiya müharibəsində xarici ölkələrdə yaşayan  sadə həmyerlilərimizin də apardığı təbliğat  az əhəmiyyətli deyil. Dost qrupları, iş yoldaşları, qonşular arasında biz azərbaycanlılar daima örnək davranışlarımızla millətimizin adını uca etməliyik.

Guya bizim əsgərlərimizin erməni əsgərləri üzərində vəhşiliklər etdikləri  iddialarına gəldikdə isə, bununla da onlar dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi imic formalaşdırmaq istəyirlər. Bunu təsdiq edəcək heç bir ciddi sübut onlarda yoxdur. Əsas məqsədləri diqqəti danışıqlar prosesindən yayındıraraq münaqişənin mövcud status – kvoda saxlanılmasıdır. Erməni tərəfinin yalanları, böhtanları illərdi ki davam edir.

Gələcəkdə informasiya müharibəsində qələbə çalmaq üşün peşəkar jurnalistlərə, media holdinqlərə ehtiyyacımız var. Operativlilik olduqca vacibdir. Xarici ölkə medialarına təsir etmək üçün isə, orada yaşayan biznesmenlərimizin yardımlarına ehtiyyacımız var. Hər bir xaricdə yaşayan azərbaycanlı öz ətrafında güclü informasiya məkanı formalaşdırmalıdır. Son illər ermənilərin Rusiyada KİV – ləri ələ almalarının şahidiyik. Təəssüf ki, bizim oliqarxlarımız, iş adamlarımız  bu sahədə demək olar kı, heç bir iş görmürlər. Halbuki, xaricdə fəaliyyət göstərən diaspora təşkilatları və iş adamları düzgün strategiya quraraq informasiya savaşında üstünlük əldə etməyimiz üçün yaxından iştirak edə bilərlər.

 

COP29