İngiltərədə güclü duman hava limanlarının İŞİNİ POZDU

Dekabrın 28-i, şənbə günü, İngiltərənin bir sıra hava limanlarında güclü duman uçuşların ləğvi və gecikmələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Həmin gün “Heathrow” və “Gatwick” hava limanlarında onlarla uçuş ya ləğv edilib, ya da gecikib. Məlumata görə, cümə günü də oxşar vəziyyət yaşanmışdı.

“Heathrow”da 20 uçuş ləğv edilib, 29-u gecikib. “Gatwick”də isə 26 uçuş gecikib, bir uçuş isə tamamilə ləğv edilib. Təxirə salınmış və ya ləğv edilmiş uçuşlar arasında Mançester, Qlazqo və Kardiff hava limanları da var.

Hava limanı sərnişinlərə uçuş vəziyyətini əvvəlcədən yoxlamağı tövsiyə edib. “Gatwick” hava limanı yaranmış narahatlığa görə üzr istəyib və bildirib ki, duman səbəbindən tətbiq olunan müvəqqəti məhdudiyyətlər nəticəsində gecikmələr gün ərzində davam edə bilər.

Sinoptiklərin proqnozuna əsasən, İngiltərə və Uelsin böyük hissəsində, xüsusilə cənub bölgələrində, dumanın davam etməsi gözlənilir. Lakin vəziyyətin gün ərzində yaxşılaşacağı ehtimal olunur. Milli yol şirkəti “National Highways” bildirib ki, dumanın avtomobil yollarına ciddi təsiri yoxdur. Dumanın tədricən zəifləyəcəyi proqnozlaşdırılır. Bazar günü İngiltərə, Uels və Şimali İrlandiyada hava şəraitinin yaxşılaşacağı, günəşli günlərin yaşanacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 22-də Londonun “Gatwick” hava limanında təhlükə səbəbindən cənub terminalının bir hissəsi boşaldılmışdı. Bundan başqa, duman səbəbindən Polşanın Krakov şəhəri yaxınlığındakı hava limanında təyyarələrin qalxıb-enməsi çətinləşmiş, nəticədə Varşava, Münhen, Frankfurt və Londona olan yeddi uçuş təxirə salınmışdı.