!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnhisarçılığa qarşı YENİ HƏMLƏ: “Bu Xidmətin başına prinsipial bir fiqur gətirilərsə...”

!Reklam – Yazi

“Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə xeyli güclənib, bir sıra dövlət qurumlarında satınalmalarda ciddi problemlərin olduğu üzə çıxır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında ötən gün imzaladığı Fərmanın mahiyyətini şərh edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Osman Gündüz qeyd edib ki, imzalanan Fərmanla bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında yaradılan Vergi, Əmlak və Antiinhisarla bağlı Dövlət Xidmətlərinin Əsasnamələri təsdiq edilib. Bundan sonra İqtisadiyyat Nazirliyi ölkədə geniş səlahiyyətlərə və hüquqlara malik ən böyük nazirlik olacaq:

“Diqqətimi daha çox cəlb edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsidir. 2018-ci ilin aprelində prezidentin sərəncamı ilə bu xidmətin əsasında yaradılmalı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin formalaşmasına imkan verilmirdi. İki ildən çoxdur ki, bu yeni yaradılmalı olan qurum ortada yox idi. Nə rəhbəri təyin edildi, nə strukturu təsdiqləndi, nə də Əsasnaməsi hazırlandı.

Kimlərsə prezidentin adıçəkilən Sərəncamının icrasına imkan vermədilər. Müşahidələr göstərir ki, adında, mahiyyətində “rəqabət”, “antiinhisar” kimi sözləri olan güclü dövlət təsisatlarının yaradılması və qanunvericilik aktlarının qəbuluna hər zaman maneəçilik törədilib. Maraqlı tərəflər 15 il Rəqabət Məcəlləsinə, 2 il də Antiinhisar Dövlət Agentliyin yaranmasına imkan verməyiblər.

Monitorinqlər göstərir ki, dövlət sektorunda tender və satınalmalarla bağlı informasiya açıqlığı, şəffaflıq hər zaman ən zəif bənd olub. Artıq adı olub özü olmayan Dövlət Agentliyi arxada qaldı və Antiinhisar qurumu yenidən Dövlət Xidmətinə çevrilib”.

Qurumun rəqabətli mühit formalaşdırmaq imkanlarına toxunan Osman Gündüzə görə, idarəetmənin düzgün qurulması effektiv təsirlərə yol açacaq:

“Əsasnaməyə görə, bu Dövlət Xidməti hədsiz geniş səlahiyyətlərə malikdir. İndiki zamanda düşünürəm ki, məhz bu dövlət Xidməti ən strateji dövlət qurumu elan edilməlidir. Bu sahədə görüləcək işlər xeyli çoxdur. Nəhəng təbii inhisar subyektləri rəhbərlərinin, inhisarçıların, xidmət sektoru rəhbərlərinin ən çox ehtiyat etdikləri qurum məhz Antiinhisar Xidməti olmalıdır. İki yüz əməkdaşı olan bu qurum indiyədək çox zəif fəaliyyət göstərib. Özəl sektorun bu qurumla bağlı ciddi narazılıqları var.

“Dişli” və prinsipal bir fiquru Antiinhisar Xidmətinə rəhbər təyin etmək çox faydalı olardı. Hansı ki o, bir xeyli təbii və süni inhisarçı ilə “vuruşmalı” olacaq. Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə xeyli güclənib, bir sıra dövlət qurumlarında satınalmalarda ciddi problemlərin olduğu üzə çıxır. Sahə üzrə məsul qurum olan Antiinhisar Dövlət Xidmətinin də bunun fərqində olduğunu düşünürəm. Ölkə başçısının yetərincə dəstəyini qazanan, geniş səlahiyyətlərə malik olan İqtisadiyyat Nazirliyinin bu sahədə ciddi dönüş yarada biləcəyinə, qarşıdakı dövrdə antiinhisar sahəsində ciddi dəyişikliklərin şahidi olacağınıza ümid edirəm.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz Əsasnaməsində qeyd olunanların azacıq bir hissəsini reallaşdıra bilsə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyat qruplarının yerli və mərkəzi icra orqanlarına “gözlənilməz səfərləri” xeyli azalacaq”.

Gülşən Şərif

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv