İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edildi

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin (bundan sonra – Agentlik) ilkin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının 6.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlar hazırlanarkən bu Fərmanın 6-cı hissəsinin icrasını nəzarətdə saxlasın;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. Azərbaycan Respublikasının ərazisində innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsini həyata keçirsin;

5.2. bu Fərmanın 6-cı hissəsində göstərilən normativ hüquqi aktların razılaşdırılması ilə bağlı tədbirlər görsün;

5.3. Agentliyin vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Mərkəzi icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər hazırladıqları innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.”

COP29