İnqilabın 1 ili və Paşinyanın 34 faizə düşən reytinqi: “Populist vədlər havada qalıb” – Ekspert

“Ermənilər hakimiyyətə inqilab yolu ilə gəlmiş Paşinyanın əsas vədlərini yerinə yetirməməsindən narazıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən cəmi 1 il sonra reytinqinin 34 faizə düşməsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Ermənistan mediasının məlumatına görə, işğalçı ölkənin Milli Təhlükəsizlik Xidmətinin sifarişi ilə keçirilmiş ictimai rəy sorğusunun nəticələri 1 il əvvəl inqilab yolu ilə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın reytinqinin sürətlə aşağı düşdüyünü göstərib. Qeyd edilir ki, sorğunun nəticələrinə əsasən, 3 ay əvvəl reytinqi 65 faiz civarında olan Paşinyanın ictimai reytinqi artıq 34 faizə düşüb.

Erməni cəmiyyətinin böyük dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın reytinqinin cəmi bir il ərzində rekord səviyyədə düşməsinin səbəbləri haqqında Yenicag.az-a danışan politoloq Qabil Hüseynli bu nəticəni yeni hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə əlaqələndirir:
“Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlarda verdiyi populist vədlərin mütləq hissəsinin yerinə yetirilməməsi erməni cəmiyyətinin ciddi təpkisi ilə qarşılaşıb.

Konkret desək, Paşinyanın Ermənistanın qısa müddətdə iqtisadi çiçəklənməyə nail olacağı, əhalinin sosial rifahının yaxşılaşacağı, yeni istehsal müəssisələrinin yaradılacağı haqda vədləri havada qalıb.

Ancaq bunun heç biri baş vermədi. Paşinyan vədlərinin əksinə olaraq, Ermənistana investisiya cəlb edilməsinə nail ola bilmədi. Eyni zamanda, ölkədə sovet vaxtından qalmış müəssisələrin də bərpası mümkün olmadı.

Digər tərəfdən, Ermənistan əsas müəssisələri borc qarşılığında Rusiyaya verilib və müxtəlif iş adamlarına satılıb. Onlar da hər hansı perspektiv görmədikləri üçün həmin müəssisələrə investisiya qoymurlar.

Paşinyanın yeganə “uğur”u keçmiş prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın yaxın adamlarından böyük məbləğdə pul qopararaq, xəzinəyə keçirməsidir. O vəsaitin də böyük hissəsi ordunun xərclərinə yönəldilib.

Ermənilər isə öz gündəlik həyatlarında, məişətlərində, sosial vəziyyətlərində müsbət dəyişiklik görmədikləri üçün Paşinyan iqtidarına münasibətləri dəyişir. Ölkədən xaricə miqrant axınının dayanmaması da ermənilərin Paşinyan hakimiyyətinə inamsızlığının göstəricisidir”.

A.Zeynalov