İnsan alverinə qarşı maarifləndirici tədbirlər keçirildi – FOTO

Azərbaycan Respublikası Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili, sosial reklamların çəkilməsi, insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” adlı layihə uğurla yekunlaşdırıb.  

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində Şamaxıda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) və Cəlilabadda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı) tədbirlər keçirilib.

ADPU Şamaxı filialında keçirilən tədbir zamanı direktor Tünzalə Yusifovu, Cəlilabadda isə ADPU-nun yerli filialının direktoru Xudayar Sultanlı qonaqları təqdim edib, iştirakçılara mövzunun mahiyyəti barədə qısa açıqlama veriblər.

Tədbirlərdə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədi, insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji və hüququ yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.

Şamaxıdakı tədbirdə çıxış edən DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Məmmədov isə çıxışında tədbir iştirakçılarına cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələrindən danışıb. O, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilatı və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.

Cəlilabadda isə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Əhmədov çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilmələri, bu bəladan qorunma yollarından danışıb, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.

O, statistik rəqəmlər əsasında ölkədə olan mövcud durumu şərh edib, bu istiqamətdə aparılan maarifləndirici tədbirlər, onların səmərəli nəticələrindən danışan gəncləri diqqətli olmağa, ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.

Həmçinin təhsil üzrə ekspert, psixoloq Aygün Şərifova gənclərin müasir dövrdəki sosial-psixoloji durumlarını və yaşam tərzlərini nəzərə alaraq, onlara yaxından diqqət göstərərək, maarifləndirici istiqamətdə söhbətlər aparıb.

Ekspert deyib ki, gənclərin və yeniyetmələrin psixoloji durumuna təsir edən internet klublar, əyləncə mərkəzləri daim diqqət mərkəzində saxlanılmalı və nəzarət altında fəaliyyət göstərməlidirlər ki, sabah başqa fəsadlar özünü göstərməsin.

Tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

 

COP29