İnsan ayrıcalığı, yoxsa qadın bacarmaz? – Gülər Mübariz yazır…

Nəticəsini bildiyimiz halda niyə yazırıq bəs? Nəticəsi qane etmədiyi üçündür,əlbət. Qərarlar və yazılmamış qanunlar var beynimizə həkk olunan; əsrlərdir qəbul etdiyimiz və ya qəbul etmiş kimi göründüyümüz. Qəbul etdirilənlər də var gerçək donu geyindirilmiş, hökmə oxşayan, şüuraltımızı ələ keçirən. Hər gerçəyin ,hər bitmiş fikrin mübahisəyə və müzakirəyə açıq tərəfi var əslində. Mübahisə yox, müzakirə edək.

Qadın nəyi bacarmaz?

Gözümüzü açandan milli adət-ənənələrimizin verdiyi dəyərlərlə qadına yanaşmışıq. Ta o zamanlardan qadına biçilən yaşam tərzi vardı, qadın bunları edə bilər, yaxud əksinə. Qəbullanmışdıq, başqa variantın mövcud ola biləcəyini də düşünmürdük heç. Riyazi aksiom kimi şüurumuza həkk olunmuş bir qadın fiquru vardı qeyrisini düşünmədiyimiz.

Nə dəyişdi? Vaxtı ilə qəbullandığımız düşüncələri alt-üst edən nə oldu? Gəlin, bir az da dərinə gedək…

Vaxtı ilə o qadın fiqurunu formalaşdıran kişilər varmı ki indi? Qadını evinə xanım edən, maddi-mənəvi bütün yükü öz çiynində çəkən, çölü elə çöldə qoyub, evinə gəlib evinin ağası olan kişilərimiz. Süfrəsinin başında daim oturan, övladlarını başına yığan və yığdıran,onsuz qismət kəsməyən bir ailə yaradan kişilər. Xanımının qazan xörəyini yeyənlər, çöldəki kababı tək yeməyənlər. Körpəsi ata üzünə həsrət ikən restoranlarda gününü sabah etməyən, ailəsini kimsəyə əmanət etməyən kişilərimiz.
Yaddaşımıza qazınan və əsl Azərbaycan kişisi füquru azaldıqca və ya sahib olduğu dəyərlər itirildikcə “köhnə qadınların” hələ də qorunub saxlanılması nə qədər realdır?
Qadın işləməsin! O zaman işləməyə də məcbur buraxılmasın. (Ki, qadının işləməsi tək maddiyatla bağlı olmamalıdır,məncə)
“Qadın bu işləri görməsin” deyən köhnə kişilər gəlsin öncə!

Qadını güclü yox,zərif görmək istəyənlər, bu görüntünü kim yaradır? Qar dənəciyi birdən-birə topaya dönmür,axı.

Güclü olmaq və ya doğulmaq kişilərin fitrətindədir, qadını Allah zərif yaradıb. Güclü olmağını isə yaşadığı həyat yaradıb.

Mərdi qova-qova namərd etmək günümüzün acı reallığı olub; evinə xanım, uşağına ana olmaq istəyən qadın birdən-birə sərt, kobud, eqoist, bir az da kişi xüsusiyyətlərinə bürünmüş bir obraza çevrilir. Xoşbəxt etmək üçün çalışdığı zamanları xoşbəxt olmağa dəyişdirir. Yaşadığı bütün acıların qaramatı çökür üstünə, qarşısına çıxan yaxşını yaman görür, qurunun oduna yaş da yanır beləcə. Çəkdiyi sıxıntılar və stresslərdən gərgin qadına, əsəbi anaya çevrilir. Və başlayır ailə problemləri; hər kəs narazı, hər kəs huzursuzdur. Övladının dərslərinə belə çatmayan hövsələ, ittihamlar, deyingənlik və nəticədə dağılmağa doğru gedən bir ailə.
Yaradan qadını xoşbəxt olmağa yaradıb, əksi mümkün deyil, necə olsa, ətrafını da edəcək; xoşbəxtliyindən də, əzabından da pay biçəcək.

Bu səbəbdən də nəsibini alan hər kəs iki kərə düşünsün- hansını istəyir? Ay üzlünü, yoxsa cəhənnəm mələyini?

Fikrimin özəyi— qadın bacaran məxluqdur, dostlar, bacarır. Nə olsa, bacarır. İşindən və əməlindən asılı olmayaraq. Lider olmağı da, fəhlə olmağı da, arxa olmağı da, arxadan vurmağı da. Qəhrəman olmağı da bacarır, tarixə adını yazdırmağı da. Unutmağı da bacarır, unudulmamağı da. Yar olmağı da bacarır, yara olmağı da.

Sağlam düşüncəyə malik bütün qadınlar həyatdakı bütün statusları qazanmağa qadirdirlər. Bacarırlar, yəni…

COP29